Cənubi Afrika Respublikasının qanunvericilik paytaxtı Keyptaunda naməlum şəxslər şəhərin su şəbəkəsindəki əsas idarəetmə klapanlarından birini oğurlayaraq minlərlə evdə su kəsintisinə səbəb olub.
“Qafqazinfo”nun xəbərinə görə, Keyptaun Bələdiyyəsinin Su və Kanalizasiya İdarəsi bildirib ki, oğurluq paylama şəbəkəsinin təzyiqini aşağı salıb və cənub ətrafındakı Muizenberq, Saymons Taun, Fiş Huk və Vinburq bölgələrində su kəsintisi yaranıb.
Qeyd edilib ki, metal klapanın dəyəri az olsa da, təmir xərcləri yüksəkdir.
“İnfrastruktura qarşı vandalizm təkcə bələdiyyənin büdcəsinə deyil, həm də fundamental insan hüququ olan suya çıxışa zərbədir. Komandalarımız sistemi bərpa etmək üçün çalışır”, – deyə açıqlamada vurğulanıb.
CAR-da mis kabellərin və metal hissələrin oğurlanması elektrik və su kəsintilərinin əsas səbəblərindən biridir. Keyptaun Şəhər Şurasının məlumatına görə, ötən il yalnız su və kanalizasiya infrastrukturunun təmirinə təxminən 3 milyon dollar xərclənib. Hər il orta hesabla 4000 su sayğacı oğurlandığı üçün milyonlarla litr su israf olunur.
Son xəbərlər
Son Xəbərlər