Bu xəstəxanada ilk dəfə endoprotez əməliyyatı icra olundu - Fotolar

bu-xestexanada-ilk-defe-endoprotez-emeliyyati-icra-olundu
Oxunma sayı: 3579

Respublika Klinik Xəstəxanasında ilk dəfə icra olunan endoprotez əməliyyatı uğurla başa çatıb. 

TƏBİB-dən “Qafqazinfo”ya verilən məlumata görə, 59 yaşlı pasiyent üzərində həyata keçirilən bud-çanaq oynağının total artroplastikası (endoprotez) əməliyyatı İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanıb. 

10 ildən artıq müddətdə sol bud-çanağında ağrıları olan şəxs müvafiq müayinələrdən keçirildikdən sonra ona sol bud-çanağın 4-cü dərəcəli koksartroz diaqnozu təyin edilib və cərrahi əməliyyata qərar verilib.

Əməliyyat xəstəxananın Travmatologiya şöbəsinin müdiri, həkim-travmatoloq Eldar Əsədli və travmatoloq-cərrah Tofiq Abdullayev tərəfindən həyata keçirilib. Əməliyyatdan sonra pasiyentə bütün zəruri tibbi xidmətlər göstərilib və hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Qeyd edək ki, mayın 20-si Ümumdünya Travmatoloqlar Günü kimi qeyd edilir. Respublika Klinik Xəstəxanasında olduğu kimi TƏBİB-in digər tabeli tibb müəssisələrində sözügedən istiqamətlərdə işlər davam etdirilir. 2023-cü ilin noyabr ayında Qubada Regional Travmatoloji Mərkəz yaradılıb və hazırda fəaliyyətini uğurla davam etdirir. Yaxın gələcəkdə digər regionlarda da travmatoloji mərkəzlərin yaradılması nəzərdə tutulub.