Ceyhun Bayramov BMT-də çıxış etdi - Orta Dəhliz və Çinlə tərəfdaşlıq vurğulandı

ceyhun-bayramov-bmt-de-cixis-etdi
Oxunma sayı: 231

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Qlobal İnkişaf Təşəbbüsünün 5 illiyinə həsr olunmuş Yüksək Səviyyəli İclasda çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabında paylaşım edilib.

Nazir 2030-cu il üçün Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq istiqamətində bu mühüm platformaya rəhbərlik etdiyi üçün Çin tərəfinə minnətdarlığını bildirib.

O, Prezident İlham Əliyevin Pekinə tarixi dövlət səfərindən sonra Azərbaycan və Çin arasında Hərtərəfli Strateji Tərəfdaşlıq münasibətlərinin qurulduğunu diqqətə çatdırıb. Ceyhun Bayramov vurğulayıb ki, rəsmi Bakı Çinin suveren bərabərlik, BMT Nizamnaməsinə hörmət və beynəlxalq hüququn aliliyinə əsaslanan qlobal islahat baxışını tam alqışlayır.

XİN rəhbəri, həmçinin Azərbaycanın etibarlı regional tranzit qovşağı kimi oynadığı mühüm rola toxunub. O bildirib ki, ölkəmiz Çin və Avropa arasında ticarət xərclərini birbaşa azaldan, inkişaf etməkdə olan dövlətlərin bazarlara çıxışını genişləndirən Orta Dəhlizin davamlı modernləşdirilməsini həyata keçirir.

Sonda nazir Azərbaycanın Cənub-Cənub həmrəyliyinin möhkəmləndirilməsinə sadiq olduğunu, inkişaf etməkdə olan heç bir ölkənin geridə qalmaması üçün texnologiya, resurs və təcrübə mübadiləsini nəzərdə tutan əməkdaşlıq mexanizmlərini dəstəklədiyini bəyan edib.