Ceyhun Osmanlının istintaqla şok əməkdaşlığı

ceyhun-osmanlinin-istintaqla-sok-emekdasligi
Oxunma sayı: 3877


Mənbənin məlumatında bildirilir ki, Türkiyədə AKP ilə “Camaat” arasında başlayan siyasi müharibədən sonra Türkiyənin indiki baş naziri R.T.Ərdoğan dövlətin rıçaqlarından istifadə edərək, dünyanın hər yerində Fətullah Gülən tərəfdarlarını təqib etməyə başladı. Azərbaycan onun təqib xəritəsində ilk sırada idi. Hətta ABŞ prezidentindən açıq şəkildə “Hizmet” hərəkatının lideri Fətullah  Güləni istəyən Ərdoğan Azərbaycan iqtidarından “Camaat”ın buradakı şəbəkəsinin tamını dağıtmağı -  yəni hər şeyi istədi.

Azərbaycan iqtidarının müvafiq addımlarından, yalnız azərbaycanlılardan ibarət olan nurçu məmurları mühüm vəzifələrindən çıxarmaqdan, Gülən məktəblərinin SOCAR-ın balansına keçirilməsindən, ölkə mediasında şiddətli anti-nurçuluq kampaniyası başladılmasından razı qalmayan Ərdoğan ölkəsindəki seçki bitər-bitməz Bakıya gəldi və tələbini burada bilavasitə ortaya qoydu. 

İddialara görə, Tayyib Ərdoğan Azərbaycan prezidentinə Gülən camaatının və onun azərbaycanlı üzvlərinin fəaliyyətlərinə, Azərbaycan iqtidarını ələ keçirmə planlarına dair həcmli dosyelər də təqdim edib. Onun Bakıya qısamüddətli səfərinin yalnız bir məqsədinin olması da səslənən iddialar arasında idi: Azərbaycandakı “Hizmet” hərəkatının şəbəkəsini və kadrlarını bitirmək...

Azərbaycandakı fətullahçıların əsas siması, ən güclü adamı hesab olunan Elnur Aslanov Prezident Administrasiyasının Siyasi təhlil və informasiyalar şöbəsinin müdiri vəzifəsindən çıxarıldı. Onun Prezident Administrasiyasındakı şəbəkəsi, media quruluşları nəzarətə götürüldü. Daha sonra “Camaat”ın adamı olduğu şübhə doğurmayan deputat Ceyhun Osmanlı, administrasiya nəzdindəki Strateji Araşdırma Mərkəzinin rəhbəri Fərhad Məmmədov, bu dəstəyə yaxın olan bir sıra gənclər, hətta Dini Məsələlər üzrə Komitənin sədri Elşad İsgəndərov hədəfə götürüldü.

Lakin proseslərin cəmiyyətə açıq olan  hissəsi ilə yanaşı, qapalı gedən qismi də var idi və indi də var. İddialara görə, Azərbaycan iqtidarı şərait yaratdı ki, “Nur” şəbəkəsinin çökdürülməsi istiqamətində Türkiyənin Ərdoğana yaxın və bağlı olan MİT-i də iştirak etsin. Hətta təkzib olunmayan xəbərlərdə vurğulanırdı ki, Azərbaycan və Türkiyə xəfiyyələrindən ibarət ortaq qurum yaradılıb və onlar qarşılarına ortaq məqsəd qoyublar...

Həmin ortaq qurumun rəsmiləşdirilməyən istintaq prosesi aparması da məlum olub. Bakıdakı Türkiyə və Azərbaycan doğumlu bir sıra “Hizmet”çini dindirən məxfi qrup deputat Ceyhun Osmanlıdan olduqca qiymətli ifadə-məlumat-etiraflar alıblar: “Ceyhun  Osmanlı istintaqla ciddi əməkdaşlıq edib və bildiyi hər şeyi, əlindəki bütün dosyeləri, sistemi, seti, dostlarını, yardım edənləri, maliyyə axınlarını -  təbii ki, ona məlum olan qədərini -  istintaqa anladıb. Lakin hansısa səbəblərdən, hələlik o məlumatların təqibi yarımçıq qalıb; ”Hizmet" hərəkatının Azərbaycan sektorunun tamamən çökdürülməsi planı dayandırılıb. 

Bununla belə, Ceyhun  Osmanlının məlumatları bir çox ciddi simaları, şəbəkənin mövcudluğunu təhlükə altında qoya biləcək səviyyədədir. Böyük ehtimalla, onun məlumatlarının Türkiyəyə aid olan qismi çox sayda “Hizmet”çının həbsi və faciəsi ilə nəticələnəcək.

Azərbaycana aid olan qismi də “fəlakət dosyesi”dir. Ceyhun Osmanlının təqdim etdiyi dosye nurçuların Azərbaycandakı fəaliyyətlərini tam açır və orada hakimiyyət üçün o qədər qiymətli, ciddi faktlar var ki, adları həmin dosyedə olan bir sıra yüksək vəzifəli şəxslərin cəzalandırılmaması mümkün deyil". 

Qeyd edək ki, dünən Türkiyədə Gülən camaatına bağlı daha 57 nəfərin adı açıqlanıb. Ehtimallar var ki, həmin adların bir neçəsi C.Osmanlının istintaqa verdiyi məlumatların içərisində olub.

Yeri gəlmişkən, Türkiyə daxili işlər naziri Afqan Alanın Bakıya səfəri də planlaşdırılır.  Onun “Camaat”la bağlı əlavə dosyelər gətirəcəyi, səfər zamanı Azərbaycanda Fətullah Gülən tərəfdarlarına qarşı aparılan iş və onun son vəziyyəti barədə müzakirələr aparacağı haqda da məlumatlar almışıq.