Cimi kəndindən ədalət kürsüsünə uzanan ömür - Foto

cimi-kendinden-edalet-kursusune-uzanan-omur
Oxunma sayı: 822

Bu gün Azərbaycan məhkəmə sistemində uzun illər prinsipial mövqeyi, peşəkar fəaliyyəti və qanunun aliliyinə bağlılığı ilə tanınmış hakim Vəkil Şükürovun doğum günüdür.

“Qafqazinfo” xəbər verir ki, onun vəfatından 6 il ötür.

Vəkil Şükürovun həyat yolu Quba rayonunun Cimi kəndində, sadə və ağır şəraitdə başlayıb. Erkən yaşlarında atasını itirməsi ailənin bütün məsuliyyətini anasının üzərinə qoyub. Yoxsulluq və çətinlik içində keçən uşaqlıq illəri onun xarakterinin möhkəmlənməsində və həyata baxışının formalaşmasında xüsusi rol oynayıb. Maddi sıxıntılar səbəbindən gənc yaşlarından əmək fəaliyyətinə başlayan Vəkil Şükürov müxtəlif sahələrdə çalışaraq ailəsinə dayaq olub. Həmin illər onun dözümlü, iradəli və həyatın çətinliklərinə qarşı mübariz insan kimi yetişməsinə təsir göstərib. Məhz zavodda çalışdığı illərdə ictimai fəaliyyətə də maraq göstərən Vəkil Şükürov bir müddət rayon məhkəməsində xalq iclasçısı kimi iştirak edib. Məhkəmə proseslərini yaxından izləməsi onda hüquq sahəsinə xüsusi maraq yaradıb.

Qanunvericiliyi dərindən öyrənməyə başlaması isə sonradan onun həyat yolunun hüquq sahəsinə istiqamətlənməsində mühüm rol oynayıb. Ali təhsil almaq arzusu isə onun həyatındakı ən ağır sınaqlardan biri olub. İlk dəfə universitetə sənəd versə də, maddi imkansızlıq səbəbindən imtahanlarda iştirak edə bilməyib. Sonrakı cəhdləri də nəticəsiz qalsa da, o, məqsədindən geri dönməyib. Zavodda ağır şəraitdə işlədiyi dövrdə belə gecələr hazırlaşıb, biliklərini artırmağa davam edib. 1963-cü ildə texnikuma qəbul olunaraq həm çalışıb, həm də təhsil alıb və 1966-cı ildə oranı fərqlənmə diplomu ilə başa vurub. Daha sonra yenidən universitetə qəbul olmaq üçün imtahanlar versə də, bir neçə dəfə uğursuzluqla üzləşib. Lakin bütün maneələrə baxmayaraq yolundan dönməyib və nəhayət, 28 yaşında Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. Bu nailiyyət uzun illərin zəhmətinin, qətiyyətinin və məqsədyönlü səylərinin nəticəsi idi.

Əmək fəaliyyətinə fəhlə kimi başlayan Vəkil Şükürov zamanla zavodda usta, daha sonra mühəndis-texnoloq vəzifələrinə qədər yüksəlib. Ali hüquq təhsilini başa vurduqdan sonra isə məhkəmə sistemində fəaliyyətə başlayaraq qısa müddətdə hakim vəzifəsinə təyin olunub. 1976-cı ildə Lerik rayonunda xalq hakimi kimi fəaliyyətə başlayan Vəkil Şükürov sonrakı illərdə Şamaxı rayon məhkəməsinin sədri, Şamxor (indiki Şəmkir) rayonunda hakim, daha sonra isə Azərbaycan SSR Ali Məhkəməsində hakim kimi çalışıb. O, ağır cinayətlərə dair işlər üzrə məhkəmədə fəaliyyət göstərərək mürəkkəb və geniş rezonans doğuran cinayət işlərinə baxıb. İcraatında olan bəzi proseslərdə yüzlərlə şahid iştirak edib, məhkəmə araşdırmaları aylarla, bəzən illərlə davam edib. O, fəaliyyət göstərdiyi illər ərzində bir sıra mürəkkəb və dövlət əhəmiyyətli cinayət işlərinə baxaraq prinsipial və obyektiv mövqeyi ilə seçilib.

Xüsusilə Balakən və Nardaran hadisələri ilə bağlı məhkəmə proseslərində qanunun aliliyinə əsaslanan ədalətli yanaşması ilə yadda qalıb.

Vəkil Şükürov yalnız hüquqşünas kimi deyil, müəlliflik fəaliyyəti ilə də məşğul olub. Onun qələmə aldığı “Taleyim mənim” kitabında həyat yolu, qarşılaşdığı çətinliklər və hakimlik fəaliyyəti dövründə yaşadığı hadisələr əks olunub. “Qara kəmər əməliyyatı” əsəri isə hüquq-mühafizə və məhkəmə təcrübəsinin bədii-publisistik nümunələrindən biri hesab olunur.

Vəkil Şükürovun həyat yolu yoxsul kənd həyatından başlayaraq Azərbaycan məhkəmə sisteminin yüksək pillələrinə qədər yüksələn şərəfli bir ömür yoluldur. O, peşəkar hakim, prinsipial hüquqşünas və yüksək mənəvi keyfiyyətlərə malik insan kimi yaddaşlarda qalır. Bu gün onun xatirəsi doğmaları, yaxınları və onu tanıyan insanlar tərəfindən böyük ehtiramla yad edilir.

Aslan Vəliyev