“Qafqazinfo” xəbər verir ki, ilk dəfə Azərbaycan futbolunda yazıçı kluba rəhbərlik edəcək. Ç. Abdullayevin paytaxt klubunda rəhbər olmasını tənqid edənlər də, tərifləyənlər də olub. “Qafqazinfo” futbol mütəxəssisləri və tanınmış jurnalistlərlə əlaqə saxlayaraq onların bu təyinata münasibətini öyrənib:
Elxan Abdullayev (Azərbaycan millisinin sabiq baş məşqçisi): “Çingiz Abdullayevin təyinatına tənqidi yanaşmaq lazım deyil. “Neftçi” klubunun tarixinə nəzər salsaq, bu komandada müxtəlif peşə sahiblərindən olan rəhbərlər görə bilərik. Məsələn, Aydın İbrahimov kimi güləşçi rəhbər olub. Buna görə də Çingiz müəllimi qınamaq yox, ona dəstək olmaq lazımdır. Onlara uğurlar arzu edirəm”.
Böyükağa Hacıyev (“Neftçi”nin sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü): “Çingiz Abdullayevi şəxsən tanımıram. Amma 1-2 əsərini oxumuşam. Futbolda təzədir. Bilirsiz, mən inanmıram ki, Çingiz Abdullayev “Neftçi”yə uğur qazandıracaq. Təkcə, azarkeşləri meydana toplamaqla iş bitmir. Bu komandanın tarixi var. Nəticə vermək əsas vəzifədir. Bir deyim ki, Sadıq Sadıqov kimi prezident heç vaxt “Neftçi”yə gəlməyəcək. Onun vaxtında qısa müddətdə komanda böyük uğurlar qazandı. Yenə deyirəm ki, mən Çingiz müəllimin bu sahədə uğurlu olacağına inanmıram”.
Fazil Mustafa (Millət vəkili): ““Neftçi” indiyə qədər hansı janrda oynayırdı, açığı anlamaq mümkün deyildi. Nə roman kimi roman, nə nağıl kimi nağıl janrında oynayırdılar. Daha çox faciə janrına uyğun gəlirdi. İndi müsbət tərəfi budur ki, bu komandanın oyun janrı artıq bəlli olacaq. Çingiz bəy komandanı dedektiv janrında oynatsa, o zaman xeyli sürprizlərə hazır olmalıyıq. Çünki ədəbiyyatda ancaq dedektiv janrı ilə dünyaya çıxa bildiyimiz kimi, futbolda da ancaq bu janrda nə isə edə bilərik. Bütün hallarda savadlı və dünyagörmüş adamların kənar sahələrdən olsa belə, bu postlara gətirilməsinin məncə faydası ola bilər. Çingiz Abdullayevə uğurlar arzulayıram”.
Elsevər
Son xəbərlər
Son Xəbərlər