Ultra-sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası Almaniyanın Saksoniya-Anhalt federal torpağının landtaq (parlament) seçkilərində böyük fərqlə qalib gəlib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, AfD səslərin 43,8%-ni toplamağa nail olub.
Bununla da, İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq, ultra-sağçı bir partiya Almaniyanın hər hansı federal torpağına nəzarət etmək imkanı qazanıb.
AfD əvvəlki landtaq seçkiləri ilə müqayisədə nəticəsini ikiqat yaxşılaşdırmağı (2021-ci ildə 20,8% səs toplamışdı - red.) bacarıb. Bu, həmçinin partiyanın landtaq seçkilərində indiyədək göstərdiyi ən yaxşı (2024-cü ildə Türingiyada 32,8% səs toplayıblar - red.) nəticədir.
Qeyd edək ki, federal torpaq səviyyəsində idarəetmə polis, təhsil və mədəniyyət üzərində nəzarət deməkdir.
Almaniyanın daxili kəşfiyyatı “Almaniya üçün Alternativ”i “sağçı-ekstremist” partiyası hesab edir. Partiyanın liderləri isə bu iddiaları qətiyyətlə rədd edirlər.
AfD seçki kampaniyası zamanı nasist Almaniyasının siyasəti ilə müqayisə edilən bir çox təşəbbüs irəli sürüb. Məsələn, partiya “anti-alman” incəsənətin maliyyələşdirilməsini azaltmağı vəd edir ki, bu da nasist Almaniyasının “zərərli” əsərlərlə mübarizəsini xatırladır. “Almaniya üçün Alternativ” öz növbəsində vergi ödəyicilərinin pullarının “alman identikliyinin möhkəmləndirilməsinə kömək edən” incəsənətə yönəldilməli olduğunu bildirir.
Bundan əlavə, AfD dəfələrlə məktəb proqramında nasional-sosializm tarixinin tənqidi şəkildə öyrənilməsini zərərli hesab etdiyini bəyan edib. Partiyanın liderləri Birinci Dünya müharibəsindən əvvəlki kayzer Almaniyasının tarixinə daha çox diqqət ayırmağı təklif edirlər.
Nazir-prezident, yaxud parlamentin sədri vəzifəsi ilə bağlı vəziyyət isə hələlik aydın deyil. AfD səs çoxluğu əldə etsə də, bu, landtaqda mütləq mandat çoxluğu əldə etmək üçün kifayət etmir. Belə ki, 83 yerin olduğu federal torpağın parlamentində mütləq çoxluq üçün 42 yer lazımdır, AfD isə yalnız 39 yer əldə edə bilib. Parlamentə düşməyi bacaran digər əsas partiyalar isə prinsipial olaraq AfD ilə koalisiyaya girməkdən imtina edirlər.
Son xəbərlər
Son Xəbərlər