Dünyanın ən yüksək liqalarından biri hesab edilən Premyer Liqa Çempionlar Liqasının 1/8 finalında ağır nəticələrlə üzləşib. İlk oyunlarda heç bir İngiltərə komandası qalib gəlməyib: dörd məğlubiyyət və iki heç-heçə qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, ən böyük şok “Tottenhem” üçün olub.
Komanda 2025-2026-cı illər mövsümündə UEFA Çempionlar Liqasının 1/8 finalında “Atletiko Madrid” qarşısında 2:5 hesabı ilə məğlub olub. Matçın ilk 15 dəqiqəsində qapıçı Antonin Kinskinin səhvləri nəticəsində Madrid komandası üç qol vuraraq, üstünlüyü ələ keçirib. “Tottenhem”in ehtiyat qapıçısı Qucliyelmo Vikario oyuna daxil olsa da, nəticəni dəyişə bilməyib. “Tottenhem” yalnız Pedro Porro və Dominik Solankenin qolları ilə hesab arasındakı fərqi azaldıb, amma matç 2:5 hesabı ilə bitib.
“Liverpul” İstanbulda “Qalatasaray” qarşısında 0:1 hesabı ilə uduzub. İlk qolu Mario Lemina vurub və “Liverpul” geri qalmış hesabı bərpa edə bilməyib. VAR araşdırmasından sonra bir qol da ləğv edilib və komandalar cavab oyunu üçün Enfildə hazırlaşır.
“Mançester Siti” isə “Real Madrid” qarşısında 0:3 hesabı ilə məğlub olub. İlk hissədə Federiko Valverde het-trik edərək, oyunun taleyini müəyyən edib. Komanda ikinci hissədə daha çox hücum etsə də, qol vura bilməyib.
Fransanın PSJ komandası evdə İngiltərənin “Çelsi” klubunu 5-2 hesabı ilə üstələyib. PSJ-nin qollarını Bredli Barkola, Usman Dembele, Vitinya, Xviça Kvaratsxeliya vurub. Sonuncu oyunda iki dəfə fərlənib.”Çelsi”dən isə Malo Qusto və Enzo Fernandes adını tabloya yazdırıb.
İki İngiltərə komandası məğlubiyyətdən yayınıb.
Belə ki, “Arsenal” səfərdə “Bayer Leverkuzen”lə 1:1 hesablı heç-heçə edib. Robert Andriçin başla vurduğu qoldan sonra Kai Havertz penalti ilə hesabı bərabərləşdirib.
“Nyukasl” “Barselona” ilə 1:1 hesabla bitən görüşdə Harvi Barnesin qolu ilə önə çıxıb, lakin Lamin Yamalın penaltidən vurduğu qol hesabı bərabərləşdirib.
Beləliklə, Premyer Liqa komandaları Çempionlar Liqasının 1/8 finalında ilk oyunları sıfır qələbə, iki heç-heçə və dörd məğlubiyyətlə başa vurub.
Oyunlar hələ bitməyib. Əksər komandalar evdə keçiriləcək cavab oyunları ilə mərhələ keçmək şansını qoruyur. Lakin ilk oyunların nəticələrinə əsasən, Avropada Premyer Liqanın “dünyanın ən yaxşı liqası” statusu ciddi sınaq qarşısındadır.
Son xəbərlər
Son Xəbərlər