“Cyber Poligon” layihəsi NATO tərəfindən təsdiqlənib

cyber-poligon-layihesi-nato-terefinden-tesdiqlenib
Oxunma sayı: 1103

Buxarest Parlament Sarayında Rəqəmsal İnnovasiyalar Sammitində “Kritik İnfrastrukturların Mühafizəsi – 2024” Beynəlxalq Konfransı təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov çıxış edib.

O, “Enerji infrastrukturlarının fəaliyyətində dayanmalar zamanı fövqəladə hallara hazırlıq” mövzusunda baş tutmuş panel müzakirələrində ölkəmizdə bu sahədə ötən ill keçirilmiş “Critical Infrastructure Defence Challenge 2023” tədbiri çərçivəsində ilk dəfə kritik informasiya sistemlərində kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin idarəedilməsinin inkişaf etdirilməsi məqsədilə “Kibermüharibə” yarışının keçirilməsindən bəhs edib.

T. Məmmədov kritik informasiya infrastrukturlarında informasiya təhlükəsizliyinə məsul komandalar üçün təlim xarakterli belə kibermüharibə yarışlarının təşkilinin faydasından danışmaqla, texniki təlimlərlə yanaşı üst səviyyə idarəçilər üçün də böhranın idarəedilməsi mövzusunda “Table Top Exercises” təlimlərinin keçirilməsinin fövqəladə vəziyyətlərdə adekvat və sürətli qərarların alınması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Eyni zamanda T. Məmmədov kritik enerji infrastrukturlarında informasiya təhlükəsizliyinin yüksəldilməsi məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun birgə hazırladığı “Cyber Poligon” layihəsinin NATO-nun Sülh Naminə Elm proqramı tərəfindən təsdiqləndiyini və 2024-cü ilin mayından etibarən 2 illik müddətə başlayacağını elan edib.