“Peaky Blinders” üslubunda 40 milyonluq soyğun etdilər - “Europol” onu axtarır

peaky-blinders-uslubunda-40-milyonluq-soygun-etdiler
Oxunma sayı: 39

Avropa Polis İdarəsi (Europol) 40 milyon avroluq zinət əşyalarının oğurlanmasında iştirakda şübhəli bilinən Serbiya vətəndaşı Ninoslava Yoviçi axtarışa verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Agentlik yazır ki, hadisə 2022-ci ildə TEFAF incəsənət sərgisində baş verib. Dörd nəfərdən ibarət dəstə məşhur “Peaky Blinders” serialının qəhrəmanları kimi geyinərək soyğun törədib. Onlar xüsusi tikilmiş kostyumlar və səkkizparçalı kepkalar geyiniblər.

Soyğunçular cəmi iki dəqiqə ərzində vitrinləri sındıraraq təxminən 40 milyon avro dəyərində zinət əşyalarını ələ keçiriblər. Hadisə zamanı xəsarət alan olmayıb. Cinayətkarlar ərazidən elektrik skuterləri ilə qaçıblar.

“Europol”un məlumatına görə, dəstə üzvləri Almaniya üzərindən Serbiyaya keçiblər. Onların hərəkəti yol kameraları tərəfindən qeydə alınıb. İstintaq Ninoslava Yoviçin soyğunçulara kömək etdiyini ehtimal edir. Qadının adı Europolun ən çox axtarılan şəxslər siyahısına daxil edilib.

Xatırladaq ki, indiyədək oğurlanan zinət əşyalarından yalnız üç brilyant İsrail, Honkonq və Botsvanada tapılıb. Ən qiymətli hesab edilən sarı brilyant isə hələ də aşkarlanmayıb. Polis dəstənin Serbiya və Monteneqroda fəaliyyət göstərən beynəlxalq zinət əşyaları oğruları şəbəkəsi – “Çəhrayı panteralar”la əlaqəli ola biləcəyini istisna etmir.