Dağ saniyələr içində çaya uçdu - Video

dag-saniyeler-icinde-caya-ucdu
Oxunma sayı: 1100

Nepalda güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri bir neçə rayonda ciddi fəsadlara yol açıb. Hadisələr nəticəsində azı 24 nəfər həlak olub, 14 nəfər isə itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, dağın bir hissəsinin saniyələr ərzində çaya uçmasını əks etdirən görüntülər də yayılıb.

Videolardan birində Mustanq rayonunun Lete yaşayış məntəqəsi yaxınlığında dağ yamacının böyük hissəsinin təxminən altı saniyə ərzində Kali Qandaki çayına sürüşdüyü görünür. Daş və torpaq kütləsi aşağı doğru hərəkət edərkən ərazidəki insanların qışqırıq səsləri eşidilir. Görüntülərin “Char Dham” zəvvarları tərəfindən qeydə alındığı bildirilir.

Torpaq sürüşməsi nəticəsində çayın axını qısa müddətə dayanıb. Daha sonra su uçqun kütləsinin arasından yol taparaq yenidən axmağa başlayıb.

Digər görüntülərdə isə dağ yamacının uçaraq dərəyə doğru hərəkət etdiyi, daş və taxtadan tikilmiş sığınacağın bir hissəsi ilə bir neçə ağacın torpaq kütləsinin altında qalaraq aşağı sürükləndiyi görünür. Kadrlarda kəndlilərin qışqırıqları, o cümlədən “ev artıq uçub getdi” ifadəsi eşidilir.

Qandaki əyalətində üç gün davam edən güclü yağışlardan sonra şənbə günü Kali Qandaki çayında suyun səviyyəsi yüksəlib. Bazar günü səhər saatlarına çayda ciddi daşqın yaranıb.

Daşqınlar Mustanq, Myaqdi, Parbat və Syanqca ərazilərinə ziyan vurub. Parbatdakı kəndlərdən birinin isə tamamilə su altında qaldığı bildirilib.

Torpaq sürüşmələri Çitvana aparan magistral yolları bağlayaraq axtarış-xilasetmə işlərini çətinləşdirib. Təhlükəsizlik qüvvələri minlərlə sakini daha təhlükəsiz ərazilərə təxliyə edib.

Bundan əlavə, Mananq rayonundakı Himlunq Himal baza düşərgəsində qar uçqunu baş verib. Polis məlumatına görə, bazar günü 7126 metr hündürlüyündəki zirvədən Nar Phu ərazisinə düşən uçqun doqquz alpinist və 13 nəfərlik dəstək heyətinin sığındığı çadırı örtüb. Hadisə nəticəsində iki nəfər ölüb, 10 nəfər isə itkin düşüb.

Nepaldakı son hadisələr avqustun 26-da baş verən Bhotekoşi daşqınlarından təxminən bir ay sonraya təsadüf edir. Rəsmilərin məlumatına görə, həmin daşqın nəticəsində indiyədək 1400-dən çox insan həlak olub, 6000-dən çox insan isə itkin düşüb.