ABŞ və Çin liderləri Ağ Evdə keçirilən yüksəksəviyyəli görüş çərçivəsində süni intellekt, müasir texnologiyalar və qlobal təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpini Ağ Evdə qarşılayarkən bəyan edib.
“Səfər çərçivəsində biz təhlükəsizlik, texnologiya və superintellekt (süni intellekt) ilə bağlı ən aktual məsələləri nəzərdən keçirəcəyik. Bu gün həmin sahələrdə qəbul edəcəyimiz qərarlar gələcək onilliklər ərzində qlobal sülhə və tərəqqiyə xidmət edə bilər. Bu görüşə böyük ümidlər bəsləyirəm və daha işıqlı gələcək naminə Si Cinpinlə birgə işləməyə hazıram. Əminəm ki, biz birlikdə böyük uğurlara imza ata bilərik”, – deyə Tramp vurğulayıb.
Çıxışı zamanı Tramp İkinci Dünya müharibəsi illərində ABŞ və Çinin müttəfiq kimi çiyin-çiyinə döyüşdüyünü də xatırladıb:
“Uzaq məsafələrə, böyük okeanlara və fərqliliklərə baxmayaraq, bu ortaq maraqlar xalqlarımızı tarix boyu bir-birinə bağlayıb, hətta İkinci Dünya Müharibəsində bizi müttəfiqə çevirib”.
Ağ Ev rəhbəri həmin illərdə Çinə köməyə tələsən amerikalı pilotlardan – məşhur “Flying Tigers” (“Uçan pələnglər”) hərbi aviasiya qrupundan da söhbət açıb:
“Cəsur amerikalı təyyarəçilər könüllü olaraq Çinə yollanaraq bu əfsanəvi ölkənin xilası uğrunda vuruşublar. Həmin “Flying Tigers” qrupu həqiqətən inanılmaz bir tarix yazmışdı”.
Son xəbərlər
Son Xəbərlər