Döşlərindən başlayır ölməyə qadın bədəni...

doslerinden-baslayir-olmeye-qadin-bedeni
Oxunma sayı: 15905




 


Sən heç “Nə üçün qanla başlanır qadın?”

 romanını oxumusan?

Hardan oxuyasan, heç bu romanı yazan olub ki?

Dünən gecə dostum Salamla araq içirdik,

sevgidən danışırdıq

“18 yaşına çatmayanlara sevgi qadağandır”

- deyirdik

“Sevgi iki nəfər arasına çəkilmiş bərabərlik

 işarəsi deyil,

Bərabərsizlik işarəsidir” – deyirdik

“İki nəfər arasındakı yeganə bərabərlik təklikdir”

- deyirdik

“Bərabərlik işarəsi riyaziyyat elminin fırıldağıdır,

Həyatda bərabər olan iki heç nə yoxdur”

- deyirdik

Rus arağı içirdik.

Sən heç öz evciyində gildən insan düzəldən

balaca tanrı görmüsən?

 

Bu gün evdə darıxdım, qalxıb yüz qırx yeddi

dənə “sən” saydım

Yüz qırx yeddi dənə sən

Biz bir yerdə olanda heç bu qədər çox deyildin

Nəsə bir az, az idin

Küləkli havada ağzımda xırçıldayan

qum dənəsi qədər az.

 

Mənim evim yox idi

Mənim dörd küncüm var idi, hər küncdə bir

hörümçəyim var idi

Başımın üstündə bir damım var idi

Bir qapım, iki pəncərəm var idi,

 sən gələnə qədər.

Sən gələndə mən tək idim, pivə içirdim

Nəfəsimdə qurudulmuş duzlu balıqlar üzürdü

Yalnız sənin bədənin idi, mənim təkliyimin

 maya dəyəri

Yalnız sənin bədənini ödəyib

Satın almaq olardı mənim təkliyimi

Öz mayasına satdım sənə təkliyimi

 

Sən gələndə mən tək idim, nənəmi düşünürdüm

Sən gələndə nənəmin gözləri bizi

çoxdan unutmuşdu

Nənəmin gözləri tək qalmışdı

Onun iynəsini saplayan biz çocuqlar

Bu qoca arvada gözlərindən girib çıxırdıq

Nənəmin gözləri biz onun içində olanda örtüldü

Biz nənəmin içində ağlaşa-ağlaşa qaldıq

İnsanın parça-parça öldüyünü heç kim

deməmişdi bizə

Bizə deməmişdilər ki,

Döşlərindən başlayır ölməyə

qadın bədəni

Deməmişdilər ki,

Ən axırda qadının ayaqları ölür

Biz gözümüzü açanda nənəmin döşləri

çoxdan ölmüşdü

Sinəsində basdırmışdı ölmüş döşlərini nənəm

Nənəm öləndə adamlar əllərinə tüpürüb, beli

 götürdülər və dedilər:

- şükür sənə ilahi, çoxdan idi ki, yaxşı adam

basdırmırdıq.

Sən gələndə tək idim, insanlara

məktub yazıram

Yazırdım ki, ey insanlar,

sizinlə bir dünyada yaşamaq

Evinizin yanında ev tikmək, sizə qonşu olmaq

Heç bilirsiniz necə çətindir?

Sən gələndə sənə demək istəyirdim ki, darıxma

Küləklər səni çox sevdiyindən

Hamıdan çox üşüdəcək

Yağışlar səni hamıdan çox isladacaq

Dəniz səni çox sevdiyindən

Hamıdan tez boğacaq sularında

Balıqlar səni çox sevdiyindən

Hamının cəsədindən tez gəmirəcəklər cəsədini

Torpaqlar bütün sümüklərdən tez çürüdəcəklər

 sənin sümüklərini

 hər şey, hər şey səni

tələsdirəcək ki,

Mənə tez qovuşasan

 

Sən gələndə mən canlı deyildim, adam deyildim

Mən sənin gəlib çıxdığın yer idim!