Əbu-Dabidə ABŞ, Ukrayna və Avropa ölkələrindən birgə bəyanat - Yenilənib

ebu-dabide-abs-ukrayna-ve-avropa-olkelerinden-birge-beyanat
Oxunma sayı: 1256

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Ukrayna münaqişəsinin həlli ilə bağlı diplomatik görüşlərə başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov “Telegram” kanalında paylaşım edib.

Bildirilib ki, ilk görüş Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, NATO və Avropa Komissiyasının nümayəndələri ilə keçiriləcək. Görüşə ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də qatılacaqlar.

Məlumata görə, görüşdə növbəti danışıqlar mərhələsindən əvvəl tərəflərin mövqelərinin razılaşdırılması və addımların əlaqələndirilməsi nəzərdə tutulur. Bundan sonra Ukrayna, ABŞ və Rusiyanın iştirakı ilə üçtərəfli danışıqlar keçiriləcək.

Umerov qeyd edib ki, Ukrayna nümayəndə heyətinin tərkibində Kirill Budanov, David Araxamiya, Sergey Kislitsa və Vadim Skibitski də yer alırlar:

“Ukrayna tərəfi danışıqlarda əsas prioritetlərin hərbi əməliyyatların dayandırılması, müharibədən sonrakı etibarlı təhlükəsizlik təminatları, ölkənin iqtisadi bərpası və inkişafı, eləcə də humanitar məsələlər olduğunu açıqlayıb”.

***

“Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqlara başlanılıb”.

Bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov “Telegram” kanalında paylaşım edib.

Onun sözlərinə görə, danışıqların gündəliyində hərbi əməliyyatların dayandırılması və sülhün yaxınlaşdırılması ilə bağlı əsas məsələlər yer alır:

“Ukrayna Prezidentinin müəyyən etdiyi tapşırıqlara uyğun fəaliyyət göstəririk”.

***

ABŞ, Ukrayna və Avropa tərəfdaşlarının nümayəndələri Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması və davamlı sülhün təmin edilməsi şərtlərini müzakirə ediblər.

Bu barədə Əbu-Dabidə keçirilən məsləhətləşmə görüşünün yekunlarına dair birgə bəyanatda bildirilib.

Bəyanatın mətnini ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff yayımlayıb.

Sənəddə qeyd olunub ki, gələcəkdə əldə ediləcək istənilən razılaşma Ukraynanın suverenliyi və ərazi bütövlüyünü, ölkənin müstəqil qərar qəbul etmək hüququnu nəzərə almalı, həmçinin etibarlı təhlükəsizlik təminatlarını əhatə etməlidir:

“Ümumi məqsəd Ukraynanın uzunmüddətli təhlükəsizliyini gücləndirəcək və danışıqlar yolu ilə nizamlanma üçün zəruri etimad mühitini yaradacaq praktik və bir-birini tamamlayan təhlükəsizlik sisteminin hazırlanmasıdır”.

Tərəflər, həmçinin müharibədən sonrakı dövr üçün təhlükəsizlik sazişlərinin hazırlanmasını, risklərin idarə olunması və təhlükəli eskalasiyanın qarşısının alınması mexanizmlərini müzakirə ediblər:

“Güclü NATO Avroatlantik məkanın kollektiv müdafiəsinin əsas elementi olaraq qalacaq. ABŞ, Ukrayna və Avropa tərəfdaşları danışıqlar prosesi boyunca sıx əməkdaşlığı davam etdirəcəklər. Onların ümumi məqsədi Avropa tərəfdaşlarının iştirakı ilə daha geniş çoxtərəfli müzakirələrə keçmək və hərtərəfli, davamlı sülhə nail olmaqdır”.