Ədalət Vəliyev Günay Ağamalı ilə görüşdü

edalet-veliyev-gunay-agamali-ile-gorusdu
Oxunma sayı: 1442

Ana Vətən Partiyasının yeni sədri, deputat Günay Ağamalı Pezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

Bu barədə “Qafqazinfo”ya Günay Ağamalı özü məlumat verib.

Partiya sədri bildirib ki, Prezident Administrasiyasında keçirilən görüş zamanı Ədalət Vəliyev onu Ana Vətən Partiyasının sədri seçilməsi münasibətilə təbrik edib.

Görüşdə Prezidentin təşəbbüsü ilə ölkədə formalaşan iqtidar–müxalifət dialoqu çərçivəsində təşviq olunan sağlam əməkdaşlıq mühitinin əhəmiyyəti vurğulanıb, bu istiqamətdə görülmüş işlər yüksək qiymətləndirilib.

Qeyd olunub ki, söhbət zamanı Ana Vətən Partiyasının təkrar dövlət qeydiyyatına alınması, partiyanın fəaliyyəti, ideoloji prioritetləri, eləcə də məsuliyyətli gənclərin siyasi proseslərə cəlb olunması kimi məsələlər müzakirə edilib. Günay Ağamalı rəhbərlik etdiyi partiyanın milli maraqlar naminə konstruktiv əməkdaşlıq xəttinə sadiq qalacağını, eyni zamanda Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə daha fəal şəkildə təbliğ ediləcəyini bildirib.

Tərəflər, həmçinin Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqlar, ölkədə iqtidar–müxalifət dialoqunun inkişaf perspektivləri, informasiya təxribatlarının yaratdığı risklər, Qarabağda aparılan bərpa və quruculuq işləri, eləcə də digər aktual mövzular ətrafında fikir mübadiləsi aparıblar.