Sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi Sərxan Həsənovun anası Samirə Həsənovanın evlə bağlı müraciəti yayılıb.
“Qafqazinfo” xəbər verir ki, Tovuzun Əlibəyli kənd sakini olan şəhid anası müraciətində ona digər uşaqları ilə birgə yaşamağa ev verilməsini istəyib.
“Oğlum vətən uğrunda il yarım əsgərlik çəkdi, sonra da iki il vətəninə qulluq elədi. 44 günlük müharibədə şəhid oldu. Evin tək oğlu idi. İndi də onun adını daşıyan balaca Sərxanım var. İstəyirəm ki, onu o evin içində böyüdəm. Evlə təmin olunmağımı istəyirəm. Sərxanla və digər övladlarımla birgə həmin evdə yaşamaq istəyirəm”, - şəhid anası qeyd edib.
Problemlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə ünvanladığımız sorğuya belə cavab aldıq: “Şəhidimiz Sərxan Habil oğlu Həsənovun anası Samirə Həsənova 22 fevral 2021-ci il tarixində Tovuz Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülüb. Vətəndaşın mənzil təminatı məsələsinə qanunvericiliyə uyğun olaraq növbəlilik qaydasında baxılacaq”.
Xəbəri rus dilində oxuyun: 5 лет в очереди: мать шехида обратилась по поводу жилья
Qeyd edək ki, Sərxan Habil oğlu Həsənov 2017-ci ildə hərbi xidmətə çağırılıb. 2019-cu ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirib. 2020-ci il sentyabrın 27-də 21 yaşında Füzuli döyüşlərində şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.
S.Həsənov subay idi. 2022-ci ildə şəhidin qardaşı dünyaya gəlib və ona Sərxan adı verilib.
Gülnar Əliyeva
Fotoda: Şəhid Sərxan Həsənov

Son xəbərlər
Son Xəbərlər