“Prezidentin AMEA-dakı çıxışında tarixə və ana dilinə münasibəti əhatə edən çağırışlar mühüm əhəmiyyətə malikdir. Hazırda AMEA-da hazırlanma prosesində olan 15 cildlik Azərbaycan tarixinin proqramında Prezidentin Akademiyada səsləndirdiyi fikirlər konsepsiya olaraq əsas kimi qəbul ediləcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu AMEA prezidenti İsa Həbibbəyli Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda bildirib.
“Tarix İnstitutunda dünya arxivlərindən əldə edilmiş xəritələrin atlası hazırlanır ki, bizim Sovet dövründən əvvəlki dövrü əhatə edən xəritələrimiz, Azərbaycan toponimlərinin dilçiliyə, coğrafiyaya, milli kimliyimizə aid olan toponimlərimizin yayılma arialının coğrafiyasının nə qədər geniş olduğunu bir daha meydana qoya biləcək. Əlbəttə, AMEA-dakı tarixi nitqin müddəaları içərisində Azərbaycan dilinə aid olan fikirlər, çağırışlar xüsusi yer tutur. Ümummilli Lider Heydər Əliyev tərəfindən aparılan Ana dili siyasəti bu gün cənab Prezident tərəfindən həm ana dili, həm də dövlət dili səviyyəsində davam etdirilir.
Dil millətin kimliyinin əsasıdır. Reklam bazarında, efir məkanında, dərsliklərimizdə hələ də yeri gəldi-gəlmədi alınma sözlərdən istifadə edilməkdədir. Düşünürəm ki, burada olan qurumlar, cəmiyyət nümayəndələri bu məsələnin həll yollarını tapıb aradan qaldırmağa borcludur.
Hesab edirəm ki, Terminologiya Komissiyasının tərkibinə yenidən baxılmalı və onun fəaliyyəti aktivləşdirilməlidir. Akademiyanın yaxından iştirakı ilə televiziyalarımızda Azərbaycan dilli verilişlərin yeni formata təşkil olunmalıdır. Hazırda Dilçilik İnstitutunda orfoepiya lüğəti hazırlanır”, - deyə AMEA prezidenti bildirib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər