Günlərlə komada qaldı, atasını xərçəngdən itirdi - “Tək bacardın, Aytən”+Video

gunlerle-komada-qaldi-atasini-xercengden-itirdi
Oxunma sayı: 1207

Bəzən həyat bircə saniyədə, bircə büdrəmə ilə tamamilə dəyişir. Hər şeyin qaydasında olduğu, gələcəyin parlaq göründüyü bir uşaqlıq dünyası anidən alt-üst ola bilir. 10 il əvvəl, avqustun 1-də bir ana üçün zaman elə bil dayandı. Sağlam, şahmat taxtasında qızıl medal qazanan 8 yaşlı Əli çarpayıdan yıxılaraq ağır qapalı kəllə-beyin travması aldı. 15 günlük koma... Əli həyata geri döndü, amma artıq əvvəlki kimi deyildi. Nə yerimək qabiliyyəti qalmışdı, nə də tək bircə kəlmə sözü... Bu gün isə həmin Əli Türkiyənin ən nüfuzlu təhsil ocaqlarından biri olan Bilkent Universitetinin Tətbiqi elmlər fakültəsində informasiya sistemləri və texnologiyaları ixtisası üzrə (CTİS) təhsil alır. Bu, sadəcə bir uğur hekayəsi deyil, bu, dörd divar arasındakı qaranlıq qutuya sığmayan bir iradənin və bir ananın qəhrəmanlıq dastanıdır.

“0 nitq” ilə başlayan mübarizə və ağır itki

Həmin gecə həyatlarının alt-üst olduğunu deyən ana Aytən Səfərəliyeva yaşadıqları çətin reabilitasiya dövrünü belə xatırlayır: “Əli 8 yaşına kimi tam sapsağlam uşaq idi. Hadisə baş verən gün Respublika Şahmat Mərkəzində 9 oyundan 8 qələbə qazanaraq qızıl medal almışdı. Sonra bu faciə yaşandı... Biz reabilitasiyaya “0 nitq” ilə başladıq. Müəyyən yerə aparmaq, qaldırmaq, gətirmək... Çox ağır idi. Bu çətin yolda Əlinin atasını xərçəng xəstəliyindən itirdik. Nəhəng yükün altında tamamilə tək qaldım”.

Aytən xanım heç vaxt əlini üzməyib, qismətlə barışıb kənara çəkilməyib. Ölkə-ölkə, mərkəz-mərkəz gəzərək Əlinin müalicəsi üçün həm işləyib, həm də onun sarsılmaz dayağı olub. Hətta bu yolda bəzən özünü qəddar hiss etdiyini də gizlətmir: “Mən Əliyə nəinki ana kimi, bəzən acımasız olmuşam, sərt olmuşam. Ona deyirdim ki, “Əli, sən gələcəkdə mənə nifrət edə bilərsən, amma bu etapı adlamalısan”. Qarşısında tək şərt qoymuşdum: Sənin işığın oxumaqdır. Sən oxumasan, işığa çıxmayacaqsan!”.

“Uşağın özünə çay tökməsi mənə siqnal oldu”

Evdə təhsilin Əlini sosial mühitdən qopardığını görən ana bütün çətinliklərə rəğmən onu yenidən məktəb mühitinə qaytarıb. Lakin bu gərgin mübarizədə ailənin digər övladının vaxtından əvvəl böyüməsi ananın ürəyində gizli bir kədərə çevrilib: “Müəyyən etapdan sonra hiss elədim ki, evdəki digər uşağımın zamanından, sevgisindən, diqqətindən alıb Əliyə ötürürəm. Bunu o uşağın hərəkətlərindən anladım. Gördüm ki, balaca yaşında öz-özünə qulluq edir, özünə çay tökür... Bu mənə böyük siqnal oldu. Özümə dedim ki, sənin onun haqqını almağa ixtiyarın yaradır. Çünki bu həyat heç kəsin seçimi deyil”.

Məktəb illəri və köhnə dost: şahmat

Altı yaşından ingilis dilini sərbəst anlayan, bağçada rus dilini mükəmməl öyrənən Əli VII sinifdə özəl liseyə qəbul olur. İlk vaxtlar yeni mühitə adaptasiya olmaqda həyəcan keçirsə də, zəkası və əzmi sayəsində qısa müddətdə uyğunlaşır. Ən sevdiyi fənlərin riyaziyyat və fizika olduğunu deyən Əli şahmatı da heç vaxt atmayıb. Hazırda onun beynəlxalq FIDE reytinqi var (standart: 1531, rapid: 1551). Hətta oxuduğu Bilkent Universitetinin Şahmat Klubunun üzvü kimi beynəlxalq universitetlərarası turnirdə III yerə layiq görülüb. Boş vaxtlarında şahmat oynayır, yutub kanalı üçün məzmun hazırlayır.

Amerikadan Bilkentə uzanan yol

Universitetə hazırlıq dövrü gələndə Əli hədəflərini geniş tutaraq SAT və IELTS imtahanlarına hazırlaşmaq qərarına gəlir: “Əvvəlcə düşündüm ki, mənim gərək SAT-ım olsun. Çünki SAT-la bütün Avropa və Amerikaya universitetlərinə qəbul ola bilərdim. İlk balım 1210 oldu, bu, mənim üçün zəif nəticə idi. Çalışıb onu 1410-a qaldırdım. İngilis dilimi təsdiqləmək üçün IELTS-dən də 7 aldım. Əslində xəyallarım Amerikada oxumaq idi. Amma ora çox bahalı olduğu üçün Türkiyə və Azərbaycandakı universitetlərə sənəd verdik”.

Nəticələr isə möhtəşəm olur. Əli eyni anda 40 faiz təqaüdlə Koç və Sabancı universitetləri, ADA-dan tam təqaüd və 20 faiz təqaüdlə Bilkent Universiteti kimi nüfuzlu universitetdən qəbul alır. O, fizika və astronomiya bazası güclü olsa da, informasiya sistemləri və texnologiyaları ixtisasını seçir.

Aytən, bacardın! Tək bacardın...

Qəbul xəbəri gələn günü anası Aytən Səfərəliyeva belə xatırlayır: “Həmin gün, ilk növbədə, düşündüm ki, kaş atası sağ olaydı, birinci ona zəng edərdim... Tam sevinə bildimmi? Bilmirəm, içimdə bir qorxu, həyəcan var idi. Amma Əli gəncdir, gələcəyi öndədir, o qədər güclü sevindi ki, yerindən sıçradı. Mənim hisslərim isə tək bir cümlədə birləşdi: “Aytən, bacardın. Tək bacardın!”.

Hazırda Türkiyədə tələbə həyatı yaşayan Əli üçün ilk vaxtlar tək qalmaq asan olmayıb. Səhərlər dərs, gecələr isə kod yazmaqla keçən günlər onu yorub: “Gündüzlər ayıq qalmaq üçün kofe içirdim, tənəffüslərdə yüngülvarı yuxulayırdım. Gecələr ancaq kod yazırdım, hər dəfə səhv edəndə yenidən düzəltməyə çalışırdım”.

Amma türk otaq yoldaşı ilə bir-birilərinə dəstək olaraq bu çətinliklərin də öhdəsindən gəlirlər. Anasının tək bir məqsədi Əlini tam sərbəst və müstəqil bir fərd kimi yetişdirməkdir: “Yaşımın az olmasına baxmayaraq, həyat mənə göstərdi ki, bir gün ayılarsan və yanındakı insan yoxdur. Əlini mənsiz həyata indidən öyrəşdirməliyəm. Valideyn ömür boyu övladının yanında ola bilmir. Əli kimi uşaqlar cəmiyyətdə özlərini asılı hiss etməməli, öz ayaqları üstündə durmağı bacarmalıdırlar”.

“Qutudan çıxın və sınayın”

İndi Əlinin gələcək hədəfi Almaniyada magistratura təhsili almaq və orada iş tapmaqdır. Bunun üçün artıq alman dilini də öyrənməyə başlayıb. Sonda Əli onun kimi çətinliklərlə üzləşən və ya hər hansı bir addımı atmağa tərəddüd edən hər kəsə öz həyat fəlsəfəsi ilə səslənir: “İlk vaxtlar sanki qaranlıq bir qutunun içində qalırsınız. Amma o qutudan çıxanda artıq dünyanı görmüş olursunuz. Həmişə qutunun xaricini düşünün. İstənilən halda cəhd etmək yaxşı şeydir. Bəzən deyirsən ki, “eləyə bilmirəm”, amma əslində eləyə bilərsən, sadəcə eləmirsən. Bacardığınız hər şeyi sınayın. Hətta bacarmadığınız bir şey olsa belə, yenə də sınayın!”.

AZƏRTAC