“Əsas hədəf hər hektardan daha yüksək və keyfiyyətli məhsul əldə etməkdir” - Yenilənib

esas-hedef-her-hektardan-daha-yuksek-ve-keyfiyyetli-mehsul-elde-etmekdir
Oxunma sayı: 924

Aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərə baxmayaraq, Prezident müşavirədə son bir neçə il ərzində ölkəmizdə aqrar sahədə müşahidə edilən durğunluğu qeyd etmiş və kənd təsərrüfatı məhsullarının istehsalında mövcud dinamikanın onu qane etmədiyini açıq söyləmişdir. Dövlət başçısının Prezident Administrasiyasına və Nazirlər Kabinetinə verdiyi tapşırıqlar əsasında kənd təsərrüfatının inkişafına dair yeni hərtərəfli və əhatəli bir Dövlət Proqramı hazırlanıb.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağdaşda keçirilən regional müşavirədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev deyib.

Prezidentin köməkçisi qeyd edib ki, bu proqram qarşıdakı dövr üçün aqrar sektorun yeni inkişaf modelini müəyyən edən strateji sənəddir və aqrar sahədə məhsul istehsalının artırılması, resurslardan səmərəli istifadə, emal və ixrac imkanlarının genişləndirilməsi, dəyər zəncirlərinin, həmçinin balıqçılıq və akvakultura sahələrinin inkişafının yeni mərhələyə keçirilməsi baxımından mühüm yol xəritəsi kimi çıxış edir: “Əsas hədəf, sadəcə istehsal həcmini artırmaq deyil, hər hektardan daha yüksək və keyfiyyətli məhsul əldə etmək, yəni aqrar sahədə ekstensiv yanaşmadan intensiv inkişafa keçidin təmin olunmasıdır”.

“Dövlət Proqramı 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində dayanıqlı inkişafın təmin edilməsini, ərzaq təhlükəsizliyinin gücləndirilməsini, daxili istehsal potensialının, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılmasını, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur. Heç şübhə yoxdur ki, aparılacaq müzakirələr Dövlət Proqramının icra mexanizmlərinin dəqiqləşdirilməsinə və qarşıdakı illərdə aqrar sahədə daha güclü nəticələrin əldə olunmasına töhfə verəcək”, - Zeynal Nağdəliyev əlavə edib.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə Aqrar sahədə yeni Dövlət Proqramının tanıtımı ilə bağlı Göygöldə keçirilən regional müşavirədə qeyd edib ki, aqrar sahədə yeni Dövlət Proqramının əsas nəticələri məhz yerlərdə formalaşacaq: “Məhsuldarlığın artırılması, yeni bağların salınması, müasir suvarma sistemlərinin tətbiqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, emal müəssisələrinin yaradılması, saxlama və logistika imkanlarının genişləndirilməsi kimi hədəflər yalnız dövlət qurumlarının deyil, fermerlərin, sahibkarların və investorların birgə səyləri nəticəsində reallaşa bilər”.

O deyib ki, regional müşavirənin əsas məqsədi Dövlət Proqramında nəzərdə tutulan hədəf və vəzifələri birgə müzakirə etmək, fermerlərin və sahibkarların rəy və təkliflərini dinləmək, yerlərdə mövcud vəziyyəti qiymətləndirmək və proqramın icrası ilə bağlı qarşıda duran vəzifələri dəqiqləşdirməkdir.

***

“Report”un məlumatına görə, Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi məqsədilə keçirilən regional müşavirədə bildirib ki, Mərkəzi Aran iqtisadi rayonu Azərbaycanın aqrar inkişafında xüsusi rol oynayır.

Onun sözlərinə görə, ölkədə sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılması ilə aqrar sahənin tərəqqisi, ərzaq təhlükəsizliyinin təmin olunması, su ehtiyatlarının səmərəli idarə edilməsi və iqlim dəyişikliklərinin təsirlərinin minimallaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir: “Bu baxımdan ADSEA tərəfindən aqrar sektorun dayanıqlı inkişafının dəstəklənməsi, suvarma infrastrukturunun təkmilləşdirilməsi, su itkilərinin minimuma endirilməsi və su təminatının etibarlılığının artırılması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Mərkəzi Aran iqtisadi rayonu ölkənin aqrar inkişafında xüsusi çəkisi olan, taxılçılıq, yemçilik, tərəvəzçilik, meyvəçilik və heyvandarlıq sahələri üzrə mövcud istehsal potensialı regionun aqrar inkişafında xüsusi rol oynayır. Bu potensialın tam reallaşdırılması isə ilk növbədə etibarlı və dayanıqlı su təminatından asılıdır”.

Z.Mikayılov vurğulayıb ki, hazırda Agentliyin xidmət göstərdiyi ərazilərdə Ağdaş rayonunda 36 min 337 hektar, Göyçay rayonunda 26 min 568 hektar, Kürdəmir rayonunda isə 69 min 504 hektar, Ucar rayonunda 28 min 935 hektar, Yevlax rayonunda 42 min 786 hektar, Zərdab rayonunda 38 min 759 hektar, Mingəçevir şəhərində isə 1 099 hektar suvarılan sahə mövcuddur: “Sözügedən ərazilərdə fəaliyyət göstərən su təsərrüfatı infrastrukturu ümumilikdə 9 375 kilometrə yaxın suvarma şəbəkəsini, 17 767 hidrotexniki qurğunu, 98 subartezian quyusunu və 231 nasos stansiyasını əhatə edir. Cari ildə bu rayonlar üzrə təxminən 76 min kənd təsərrüfatı istehsalçısı suvarma və digər məqsədlər üçün su ilə təmin olunub və hazırda da su təminatı davam etdirilir. Məhz cari ildə əldə olunan məhsuldarlıq göstəriciləri bir daha sübut edir ki, kənd təsərrüfatının inkişafında müasir və dayanıqlı suvarma sistemləri əsas amillərdən biridir”.