Emin Bakıda ticarət mərkəzi və bulvar inşa etdirəcək

Emin Bakıda ticarət mərkəzi və bulvar inşa etdirəcək
Oxunma sayı: 9295

Bakıda ticarət mərkəzinin tikintisinə sentyabrda başlanılacaq. Obyektin 2022-ci ilin yayında açılması planlaşdırılır​.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a “Crocus Group” şirkətinin birinci vitse-prezidenti, Xalq artisti Emin Ağalarov bildirib.

“Biz ticarət mərkəzini sentyabrın 15-dən tikməyə başlayacağıq. Birinci fazanın ümumi sahəsi 43 min kv.m təşkil edəcək. Onu gələn yaya bitirməyi planlaşdırıram”, - Ağalarov deyib.

Onun sözlərinə görə, layihənin ümumi sahəsi gələcəkdə 60 min kv.m-ə çatdırılacaq.

Bundan başqa, sözügedən ərazidə piyada zonası, velosiped yolları, yaşıllıq və istirahət yerləri olan altı kilometrlik bulvarın salınması planlaşdırılır.

Yaxın zamanlarda iki hotelin tikintisinə də başlanılacaq. Obyektlərin müvafiq olaraq 2023 və 2024-cü illərdə açılması planlaşdırılır.

Həmin vaxtadək yeni yaşayış kompleksinin 16 korpusunun tikintisi planlaşdırılır. Bundan əlavə, kurort zonada  növbəti mənzil kompleksinin tikintisi aparılır: ikinci korpusun cari ildə, üçüncü və dördüncü korpusun isə müvafiq olaraq 2022 və 2023-cü illərdə tamamlanması planlaşdırılır. Dörd binanın ümumi sahəsi 60 min kv.m təşkil edəcək.