“Ən böyük bəla insanın özünü təsdiq edə bilməməsidir...” - Sosioloq çıxış yollarını açıqladı

en-boyuk-bela-insanin-ozunu-tesdiq-ede-bilmemesidir
Oxunma sayı: 1626

İstedad sonradan qazanılan bir xüsusiyyət deyil. İnsan onunla doğulur, böyüyür, hansısa uğura imza atır. Bəs, əgər sənin istedadın yoxdursa? Alimlərin fikrincə, hər bir insanın hansısa bacarığı var. Sadəcə, bunu üzə çıxartmaq üçün şərait yaranmalıdır. Bəs, o şərait heç yaranmırsa, onda necə? Belə olan halda nə etməli?”

“Mən bu həyatda heç nəyə yaramıram” deyib özünə qapanan, üstəlik intihar həddinə çatan nə qədər insan tanıdıq ki... Çıxış yolu nədir? İnsana gərəkli olduğunu anlatmaq, ondakı bacarığı üzə çıxartmaq üçün nə etmək lazımdır?”

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosioloq Rüfət İsmayılzadə bildirib.

“Cəmiyyətdə ən böyük problem insanın özünü təsdiq edə bilməməsidir. Bu, çox böyük bir bəladır. Bilirsiz niyə? Çünki insan özünü ifa edə bilmirsə, o, heç vaxt özünü təsdiq edə bilməyəcək. Valideynlərinin istəyi ilə musiqi təhsili alan, ya da idmana gedən, mütləq şəkildə “sən ali məktəb tələbəsi olmalısan” deyə repetitorlar yanına göndərilən uşaqlar təzyiq altında böyüyürlər. Onların arzu- istəkləri nəzərə alınmır. Bu cür uşaqlar bir növ qol-qanadı bağlanan, qəfəsə salınan quş kimi böyüyür, çox vaxt da həyatda özlərini tapa bilmirlər. Onların ünsiyyətində, davranışında, hətta gələcəkdə quracaqları ailələrdə belə problemlər yaranır. Kiminsə övladı bacarıqlı, istedadlıdırsa, sizin də övladınız elə olmalıdır deyə bir məcburiyyət yoxdur. Düşünürəm ki, bütün problemlərin kökü bizim ailələrdəki “qonşudan qalma dala” prinsipindən qaynaqlanır. Əgər hər kəs öz potensialından düzgün istifadə etsə, inanın, bir çox problemlər heç meydana gəlməz. Beləcə, xoşbəxt bir gələcəyə sahib olarıq”, - deyə Rüfət İsmayılzadə əlavə edib.