Faşizm üzərində qələbədən 75 il ötür

fasizm-uzerinde-qelebeden-75-il-otur
Oxunma sayı: 1364

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 75 il keçir.
 
“Qafqazinfo”nun məlumatına görə, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir.
 
1939-cu il sentyabrın 1-də faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.
 
Müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.
 
İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.

İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir.

Prezident İlham Əliyevin 24 aprel 2020-ci il tarixli Sərəncamının icrası olaraq, İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarının - 256 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik maddi yardım ödənilib. Sərəncama əsasən, həmçinin İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarından, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərdən və b. ibarət 7126 nəfərin hər birinə 750 manat məbləğində birdəfəlik maddi yardım verilib. Yəni ümumilikdə 7382 nəfər birdəfəlik maddi yardımla təmin edilib.