Fransada keçiriləcək 2027-ci il prezident seçkilərinin namizədi, müxalif sağçı “Milli Birlik” partiyasının lideri Marin Le Penin “X” sosial şəbəkəsindəki rəsmi hesabı kiberhücuma məruz qalıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.
İnsidentlə bağlı bəyanat yayan partiya nümayəndəsi hesabın ələ keçirildiyini təsdiqləyib:
“Marin Le Penin hesabı hakerlər tərəfindən xaker hücumuna məruz qalıb. Biz hazırda hesabın girişini və nəzarətini bərpa etmək üçün fəal şəkildə çalışırıq”.
Hakerlər siyasi xadimin səhifəsində kriptovalyuta reklamı yerləşdirsələr də, sözügedən paylaşım bir neçə dəqiqə sonra silinib. Partiyadan bildirilib ki, bu kiberhücum bir qədər əvvəl “Milli Birlik” partiyasının rəsmi saytına edilən hücumla bağlı deyil.
Xatırladaq ki, Marin Le Pen iyulun 7-də 2027-ci ildə keçiriləcək Fransa prezident seçkilərində namizədliyini irəli sürəcəyini rəsmən açıqlayıb. Hazırkı prezident Emmannuel Makronun səlahiyyət müddəti isə 2027-ci il mayın 13-də başa çatır. O, ardıcıl iki müddət dövlət başçısı vəzifəsini icra etdiyi üçün növbəti seçkilərdə iştirak edə bilməyəcək.
Son xəbərlər
Son Xəbərlər