Gecə klubunda dalaşdığı şəxsin telefonunu çaya atıb - Toxunulmazlığı ləğv edildi

gece-klubunda-dalasdigi-sexsin-telefonunu-caya-atib
Oxunma sayı: 1127

Macarıstan parlamenti Baş nazir Peter Madyar və keçmiş Baş nazir Viktor Orbanın hökumətində çalışmış iki keçmiş nazir də daxil olmaqla, üç deputatın parlament toxunulmazlığının ləğvinə səs verib.

“Qafqazinfo” AP-yə istinadən xəbər verir ki, parlamentin qərarı prokurorların üç deputatla bağlı apardığı cinayət araşdırmaları fonunda qəbul edilib.

Prokurorlar Baş nazir Madyarı 2024-cü ilin iyununda gecə klubunda baş verən mübahisə zamanı bir şəxsin mobil telefonunu götürərək Dunay çayına atmaqda şübhəli bilirlər. Hadisə Madyarın partiyasının Orbanı hakimiyyətdən uzaqlaşdırdığı 2026-cı il seçkilərindən təxminən iki il əvvəl baş verib.

Madyar telefonun götürülməsinin oğurluq kimi qiymətləndirilməsini rədd edib və işi siyasi motivli adlandırıb. O, həmçinin dəymiş ziyanın 300 dollardan bir qədər çox olduğu iddiasını mübahisələndirib.

Səsvermədən əvvəl Madyar deputatlara “heç bir cinayət törətmədiyini və bütün hərəkətlərinə görə məsuliyyəti üzərinə götürdüyünü” bildirib. O, öz toxunulmazlığının ləğvinin keçmiş hökumətin iki nazirinin toxunulmazlığının ləğvi tələbi ilə eyni vaxtda gündəmə gətirilməsini də tənqid edib.

Parlament Orban hökumətinin keçmiş mədəniyyət naziri Balaş Hankonun toxunulmazlığını da ləğv edib.

Prokurorlar Hankonu Macarıstan Milli Mədəniyyət Fonduna məxsus 17,3 milyard forint, yəni təxminən 53,6 milyon dollar vəsaitin təyinatından kənar istifadəsinə şərait yaratmaqda şübhəli bilirlər. İttihamlara görə, Hanko mədəni layihələr üçün nəzərdə tutulan vəsaitin siyasi məqsədlərlə ayrılmasına və aprel ayında keçiriləcək seçkilər ərəfəsində Orbanın FİDES partiyasının kampaniya xərclərinin maliyyələşdirilməsinə müdaxilə edib.

Toxunulmazlığı ləğv edilən digər keçmiş nazir isə inkişaf naziri Mikloş Sestakdır. Prokurorlar onu dövlət avtobus şirkətində nəqliyyat vasitələrinin satın alınması və dövlət tikinti layihələri ilə bağlı 12 milyard forintdən, yəni 37,2 milyon dollardan çox rüşvət və digər qanunsuz ödənişlər almaqda şübhəli bilirlər.

Orbanın FİDES partiyası və koalisiya tərəfdaşı Xristian Demokratlardan olan deputatlar səsvermədə iştirak etməyiblər. Onlar öz qanunvericilərinə qarşı irəli sürülən ittihamları Madyar hökumətinin siyasi təqibi kimi qiymətləndiriblər.

Toxunulmazlığı ləğv edilən üç deputatın heç biri hələlik ittiham olunmayıb.