“...Görəsən onun məqsədi nə imiş?” – Müsahibə

goresen-onun-meqsedi-ne-imis-musahibe
Oxunma sayı: 673


Millət vəkili, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlının “Qafqazinfo”ya müsahibəsi:



- Yeni Azərbaycan Partiyasının 20 illik yubileyinə necə hazırlaşırsınız?

- Yubileylə bağlı YAP-nın qəbul etdiyi tədbirlər planına uyğun olaraq bu proqrama uyğun bizim rayon , şəhər təşkilatlarımız bir aydan çoxdur ki, müxtəlif xarakterli silsilə tədbirlər keçirməkdədir. Biz partiyanın yaranması ilə bağlı idman yarışları, ağacəkmə, qanvermə kampaniyaları, YAP-nın yaranmasının tarixi keçmişini əks etdirən sərgilərin təşkili, həmçinin rayon, şəhər təşkilatlarının yubileyi ilə bağlı tədbirlər keçirməkdəyik. Eyni zamanda partiyanın yaranması ilə bağlı qarşıda bir sıra başqa tədbirlərin keçirilməsi də nəzərdə tutulub. Biz YAP-nın 20 illiyi ilə əlaqədar partiyanın böyük bir toplantısını keçirməyi planlaşdırırıq. Həmin tədbirlər planına uyğun olaraq orada partiyanın yubileyi ilə bağlı çıxış olacaq. Eyni zamanda keçdiyi yola bir daha nəzər salınacaq. Bununla bağlı partiyanın qəzeti də xüsusi buraxılış hazırlayacaq. Həmçinin partiyanın internet saytında YAP-nın veteranlarının, tanınmış simalarının, gənclərinin, partiyanın keçdiyi yolla bağlı müsahibələri, açıqlamaları verilməkdədir. “YAP-20” adı altında saytda xüsusi güşə də açılıb. Rayon, şəhər təşkilatları haqqında orada geniş məlumat verilib.

YAP-nın yaranması müstəqil Azərbaycanın tarixi ilə paralel şəkildədir. 1992-ci il noyabr ayının 21-də partiya təsis olunub. Partiyanın qurucusu ulu öndərimiz Heydər Əliyev YAP-nı yaradarkən onun qarşısında çox mühüm vəzifələr qoyub. Partiyanın müəyyənləşdirdiyi ideoloji xətt bu gün bütövlükdə Azərbaycanın milli dövlətçiliyinin prinsipləri kimi möhkəmlənib. YAP sədri prezidentimiz cənab İlham Əliyev partiyanın bütün fəaliyyətinə, onun həyata keçirdiyi işlərə istiqamət, tapşırıq və tövsiyələrini verir. Onun çıxışları partiyanın təbliğatında mühüm yer tutur. YAP-nın kadrları dövlətin müxtəlif orqanlarında çalışır. Ölkəmizin inkişafı istiqamətində fəaliyyət göstərirlər. YAP 20 ildə müstəqil Azərbaycanın keçdiyi yolla birgə dövlətçiliyimizin möhkəmlənməsində, ölkəmizin inkişafında əhəmiyyətli yer tutub. Deyə bilərik ki, YAP bu gün ümumxalq partiyası kimi özünü təsdiq edib.

- Hazırda partiyanın neçə üzvü var?

- Partiya üzvlərinin sayı 600 min nəfərə qədərdir. Eyni zamanda YAP Azərbaycan Respublikasında demək olar ki, coğrafi baxımdan hər yerdə təşkilatlarla təmsil olunub. Bu da partiyanın gücü, onun cəmiyyətdə olan mövqeyi ilə ictimaiyyətin partiyaya olan münasibətiylə qarşılıqlı şəkildədir. Çünki bu gün Azərbaycan cəmiyyətinin bütün təbəqələri YAP-da təmsil olunublar. Partiyanın fəaliyyəti hər yerdə özünü açıq şəkildə göstərməkdədir.

- Müxalifət həmişə iddia edir ki, YAP-a insanlar məcburi şəkildə daxil olur...

- Müxalifət partiyaları və onların nəzarətində olan mətbuat YAP-ın gücü, inkişafı və nüfuzu qarşısında bir qayda olaraq qısqanclıq və qorxu hissi keçirirlər. Bu bir siyasi qorxudur. Eyni zamanda cəmiyyətdə YAP-nın nüfuzu altında qalmaq, onunla yarışda məğlubiyyətə düçar olmaq qorxusudur. Müxalifət YAP-nın artan nüfuzunu görərək təşvişə düşür. Müxtəlif vasitələrlə YAP-ın əleyhinə qara PR kampaniyası aparır. Onların
əlindəki tezislərdən biri də budur ki, guya YAP-na üzvlər məcburi şəkildə daxil olur. Əvvəla, bununla əlaqədar hələ indiyə qədər bir dənə də olsa, faktı ortaya qoya bilməyiblər. Digər tərəfdən YAP-a hər il 25000, bəzi illərdə 30000 nəfər yeni üzvlər qəbul olunur. Bu qədər Azərbaycan vətəndaşını hansısa bir formada, onların razılığı olmadan partiyaya daxil olmağa sövq etmək əlbəttə ki, mümkün deyil. Bu cür tezislər yalandır. Deyilən rəqəmlər də bunu sübut edir. YAP-na son illərdə daxil olanların sosial tərkibində gəncləri, qadınları, müxtəlif sahədə çalışan işçiləri, iş adamlarını hətta mən deyərdim ki, onların içərisində hətta işi olmayan insanların da qatılıdğını biz görməkdəyik. Azərbaycanda işsizliyin aradan qaldırılması üçün çox geniş proqram həyata keçirilir. Bir milyondan çox yeni iş yerlərinin açılması və vətəndaşların burada işlə təmin olunması yoxsulluğun, işsizliyin faizini aşağı endirib. İndi biz YAP-a qəbulu çox ciddi şəkildə həyata keçiririk. Rayon, şəhər təşkilatlarına partiyanın üzvlüyünə sənəd verən şəxslərlə müəyyən söhbətlər aparılır. Vətəndaşların bu partiyaya nə dərəcədə bağlı olub-olmadığına, keyfiyyətə, həmin vətəndaşın cəmiyyətdəki yerinə baxırıq. Onun siyasi fəaliyyət göstərmək istəyinin hansı dərəcədə olduğunu yoxlayırıq və.s. Bilirsiz ki, dünya təcrübəsində əhalinin müəyən hissəsi siyasi fəaliyyətlə məşğul olur. YAP-a qoşulan şəxslər Azərbaycanın fəal siyasətinə qoşulanlardır. Bizim partiyada rayon və şəhər təşkilatları arasında sıx əlaqə var. Sıx əlaqə və vəhdətin olması hər bir partiya üzvünün partiya işində fəal iştirakına zəmin yaradır. Ona görə də müxalifətin apardığı təbliğat qara PR məqsədi daşıyır. Bizim elə rayon partiya təşkilatlarımız var ki, orada olan üzvlərin intellektual səviyyəsi sosial təbəqə baxımından müxalifət partiyalarından qat-qat üstündür. Bəzən bir rayon təşkilatımız “müxalifətin özündən razı” partiyası ilə müqayisədə çox-çox üstün görünə bilər. Azərbaycanın sayılıb seçilən siyasi elitası YAP-dadır. Onun gücü Heydər Əliyev ideyasında, prezident İlham Əliyevin strateji və taktiki siyasətinin düzgünlüyündə, milli maraqlara söykənən siyasətin həyata keçirilməsində, azərbaycançılıq idealogiyasının prinsiplərindən biri olmasında və partiyanın cəlbediciliyində, açıq demokratik və şəffaf olmasındadır.

- YAP-ın nüfuzuna son olaylar hansı formada təsir göstərib?

- Hər bir partiyanın nüfuzu onun seçkilərdə iştirakında, partiyanın liderinin siyasi xəttində, həmin partiyanın söykəndiyi idealoji prinsiplərlə müəyyən olunur. Partiyalara insanların daxil olması, getməsi hadisələri vardır. Partiya canlı orqanizmdir. Bizim keçirdiyimiz qurultaylarda yeni-yeni ideyalar nizamnaməy əlavə olunur, tərkib dəyişir. Bu prosesdir. Partiyanın sıraların a gələn insanlar arasında əlbəttə müəyyən xətalar törədərək cinayət məsuliyyətinə cəlb edilənlər, partiya sıralarından çıxarılanlar da olur. Bunların faizi sıfırdan da aşağıdır. Bu cür mənfi çalarlı hadisələr YAP-nın nüfuzuna xələl gətirmir. Məlum videonu nəzərdə tutursunuzsa, bu YAP-ın nüfuzuna xələl gətirməyib.

- Hər halda Gülər Əhmədova YAP-nın tanınmış simalarından idi...

- Biz bu haqda fikrimizi bildirmişik. Mətbuatın bu mövzuya təkrar-təkrar qayıtması məndə təəccüb doğurur. Gülər Əhmədova istintaqın işinə mənfi təsir göstərməmək üçün mandatından imtina edib. Bu barədə istintaq aparılır. Ona görə də bu hadisənin partiyamızın nüfuzuna hər hansı mənfi təsir göstərəcəyini düşünmürəm. Göstərə də bilməz. Çünki partiya böyükdür. Bu hadisə artıq hamıya bəlli olan məsələdir.

- Ölkədə seçkiqabağı bir dövrdə bu cür videoların yayılmasını hakimiyyətin nüfuzuna zərbə vurmaq məqsədi daşıdığı bildirilir. Hətta bu tip görüntülərin davamı da olduğu yazılır...

- Məlum videoların davamının olacağı barədə mətbuatda hay-küy qaldırılır. Adamlara elə gəlir ki, bu videolarda nəsə göstəriləcək. Bu da cəmiyyətə çox ciddi təsir göstərəcək. Mən hesab edirəm ki, həmin videoların ən böyüyü artıq göstərilib. Bu hadisə ətrafında araşdırma aparılır. Yəqin ki, araşdırmaların nəticəsi də cəmiyyətə bəlli olacaq. Yeni yayılan video sırf məişət xarakterli hadisəyə bənzəyir. Mən hesab edirəm ki, bu video bütövlükdə Daxili İşlər Nazirliyinin fəaliyyətinə təsir göstərə bilməz. Çünki DİN-nin kadrları ölkədə ictimai-siyasi sabitliyin qorunmasında, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, erməni təcavüzünün dəf edilməsində böyük işlər görüb. Polisin sıralarında bu və ya digər sahələrdə oduğu kimi əməli düz olmayan insanlar ola bilər. Ancaq bir hadisəni bütöv bir quruma aid etmək olmaz. Mən o videoya baxdım. Orada bir məsələni başa düşdüm ki, Elşad Abdullayev görünür kim onun yanına gəlibsə, onlara kömək məqsədilə olsa da belə, onu da videoya çəkmək istəyib. İnsanları videoya çəkmək onu xarakterinə çevrilib. Həmin videoda kimisə işə düzəltməkdən, qardaşının harada saxlanılmasından danışılır. Bu cür məqamlar bütövlükdə güclü Azərbaycan hakimiyyətinə necə təsir göstərə bilər? Onların təsiri yelin qayadan nəsə aparmasına bənzəyir. Müxalifətin radikal qanadı və onların mətbuatı sadəcə bu hadisələrdən hakimiyyətə qarşı istifadə etmək istəyir. Bunlar da bir-iki cəhddən sonra mənasız olacaq.

- Qeyd edirsiniz ki, bu Elşad Abdullayevin xarakterindən irəli gəlir. Amma özü yenə açıqlama verib ki, növbəti videonun hədəfi Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov olacaq. Bütün bunların bir səbəbi olmalıdır axı...

- Əgər yanına gələn şəxslərin hamısının nə danışdığını, dediyini videoya alıbsa, bu həmin şəxsin özü haqqında da şübhə yaradır ki, görəsən onun məqsədi nə imiş? Yayıb nə əldə edəcək? Mən düşünürəm ki, video elementlərin yayılması ilə nə hakimiyyətə, nə də hakimiyyətdə olan insanlara təsir etmək mümkün deyil. Elşad Abdullayevin əlində olan videoları onun hobbisi kimi qiymətləndirmək olar. Bəlkə universitetdə olduğu zaman müəllimlərlə söhbətini də videoya çəkib. Əgər yeni görüntü son yaydığı səviyyədə olacaqsa, bu cəmiyyətdə heç bir əks-səda doğuran hadisə olmayacaq. Nə qədər yayır, qoy yaysın.

- Noyabrın 3-də yenə mitinq keçirilməsi üçün BŞİH-nə müraciət olunub. DCUMH-nın üzvlərinə istədikləri yerdə mitinq keçirməyə icazə verəcəklər sizcə ?

- Azərbayacan hüquqi dövlətdir. Qanunun aliliyininin və konstitusiyamızın təmin edilməsinin qarantı Azərbaycan Respublikasının prezidentidir. Kimsə dövlətçiliyin əsaslarını sarsıtmaq istəyirsə, qanunları pozmalıdır. Qanunun tapdalandığı ölkədə bütövlükdə cəmiyyəti qoruyub saxlamaq mümkün olmaz. Azərbaycanda “Sərbəst toplaşmaq azadlığı” haqqında qanun var. O qanun həm Azərbaycan Respublikasının Konstitusiyasında müddəaları, normaları, həm də beynəlxalq hüquqda təsbit olunmuş sərbəst toplaşmaqla bağlı konvensiyaları, aktları özündə ehtiva edir. Bu qanunun tələblərini pozan hər hansı şəxs, siyasi təşkilat, ictimai qrup, QHT buna görə cavab verməlidir. “Sərbəst toplaşmaq azadlığı” haqqında qanunun tələblərindən çıxaraq BŞİH ilə razılaşdırılmamış yerdə kütləvi aksiya keçirmək istəsək ,ictimai asayişi qoruyan qüvvələr onun qarşısını almağa borcludur. Əks təqdirdə biz qanunla bağlı nihilizm yaratmış olarıq. Bu gün bunu pozan sabah digər qanunları da pozacaq . Bu isə xaosa gətirib çıxaracaq. Kütləvi aksiya keçirmək istəyənlərə qanunun tələblərinə uyğun yerlər təklif edilir. Bu gün Azərbaycanda KİV azad sürətdə fəaliyyət göstərir. Belə olan halda kütləvi aksiyanı keçirmək istəyən qrup niyə qəsdən qanunu pozmaq yolu ilə öz şıltaqlığını, siyasi ambisiyasını nümayiş etdirmək yolu ilə bunu etmək istəyir? Qanunu pozaraq qanuni hakimiyyəti qanunun verdiyi tələblər çərçivəsində hanssısa fiziki güc tətbiq etməyə sövq etmək istəyir. Deməli, onlarda alt qatda bəd niyyət var. Həmin niyyət də cəmiyyəti xaosa sürükləməkdir. Təklif olunan yerlərdən başqa yerdə kimlərsə siyasi aksiya keçirmək istəsə, hüquq-mühafizə orqanları onun qarşısını almalıdır. İcazə verilən məkanda kim nə qədr istəyirsə danışsın, online rejimə qoysunlar. Kim nə qədər istəyirsə baxsın. Televiziyalar, radiolar mitinqi yayımlasın. Qəzetində palaz qulaq şəkillər
yaysın. Amma qanunu pozmasın . Cəhd etsələr, qarşısı qətiyyətlə alınacaq.

- Axı Konstitusiyada eyni zamanda insanların istədikləri yerdə toplaşmaq hüququnun olduğu da göstərilib...

- Konstitusiyada maddələrin üçü insanlara verilmiş azadlıqlarla bağlıdır. Məsələn, Azərbaycanda hər bir kəsin təhsil almaq hüququ var. Amma bunu necə, harada, nə zaman olacağını tənzimlənmək lazımdır. “Təhsil haqqında” qanunumuz harada təhsil almağımızı bütün xırda detalları ilə nizamlayır. Konstitusiyada hər bir maddəni tənzimləyən başqa bir qanun var. “Sərbəst toplaşmaq azadlığı” haqqında qanun da insanların harada, necə toplaşmasını, sayının necə müəyyənləşdirməyi, nəzarəti tənzimləyir. Bunlar tənzimlənməsə, ölkədə xaos yaşanar. İngiltərə, Fransa, Pakistan, Yaponiyadan tutmuş və. s ölkələrdə kütləvi aksiyaların dağıdılmasını görmüsünüz. Çünki orada da qanunsuz təşkil edildiyinə görə dağıdılıb. Ən demokratik ölkələr olan Skandinaviya ölkələrində belə, bəzən görüsən ki, kütləvi aksiyaları dağıdırlar.

- Hakimiyyət səbəb göstərir ki, müxalifətin istədiyi yerlərdə mitinq keçirmək ictimai asayişi pozur. Amma xarici dövlətlərdə şəhərlərin mərkəzində mitinq keçirməyə icazə verirlər. Bu mitinqlər bəs həmin ölkələrdə ictimai asayişin pozulmasına səbəb olmur?

- Bu ölkələrdə zaman-zaman mitinqlər üçün xüsusi yerlər ayrılır. Onlar mitinqi həmin yerlərdə keçirə bilərlər. Biz də məsələn, Xocalı soyqırımı ilə bağlı cənab prezidentin rəhbərliyi ilə böyük bir xalq yürüşü oldu. Xalq yürüşləri, toplantıları bizdə də olur. Amma tutaq ki, radikallaşmış qrupların Fəvvarələr Meydanında aksiya keçirmək istəyi artıq şəhərdə ictimai asayişi pozmağa yönəlik cəhddir.

- Belə çıxır ki, Azərbaycanda radikal müxalifətə istədiyi yerdə mitinq keçirmək imkanı verilməyəcək...

- Belə yerlərdə insanlar körpə uşaqları ilə gəzir. Kimisi alış-veriş, kimisə isə dincəmək məqsədilə ora gedib. Mitinq üçün müvafiq yer ayrılmalıdır. Və bu da ayrılıb. Göstərilən yerdə keçirsən nədə uduzursan? Əgər həmin ərazidə keçirib lazımı sayda tərəfdar toplaya bimirsənsə, deməli sənin məqsədin insanların sərbəst toplaşdığı, istirahət etdiyi yerlərdə hansısa hərəkətlər edərək ordakı insanları da öz tərəfdarın kimi göstərmək istəyindən başqa bir şey deyil. Sən ictimai rəyə fikir çatdırmaq istəyirsənsə, onsuz da çatdırırsan.

- Adıçəkilən qanuna dəyişikliklər ediləcəyi barədə müzakirələr gedir. Cərimələrin miqdarının artırılması ilə icazəsiz aksiyaların qarşısını almaq mümkün olacaqmı?

- Mən həmin komitənin üzvü olaraq qanuna dəyişiklik edilməsinə səs vermişəm. Hesab edirəm ki, cərimələr artırmalıdır. Ona görə ki, əvvəl sadaladığımız hadisələr yenidən baş verməsin. Kimsə sui-istifadə edərək qanunu pozsun, sonra cüzi miqdarda olan cəriməni ödəməklə məsuliyyətdən yaxasını qurtarsın. İcazəli aksiya keçirənlər üçün heç bir qorxu yoxdur. Hələlik qanuna dəyişikliklər barədə təkliflər Komitədə müzakirə olunub. Plenar iclasda qəbul olunsa, sonrakı addımda cənab prezidentin imzası ilə qanuni qüvvəyə minmiş olacaq. Cərimələrin qaldırılması da kütləvi aksiyalar adı altında xaos yaratmaq istəyənlərin qarşısına bir sədd çəkir. Ona görə də cərimələrin artırılmasının tərəfdarıyam.

Günel Türksoy