Narkotik satışı ilə bağlı uzun müddət həbsdə olmuş şəxs bu dəfə ağlasığmaz cinayət törədib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 5 il əvvəl azadlığa çıxan 45 yaşlı Anar Mehdiyev özünü Müdafiə Nazirliyinin zabiti kimi təqdim edərək bir neçə şirkət rəhbərinə 358 min manat ziyan vurub.
Polisin apardığı əməliyyat-istintaq tədbirləri ilə müəyyən olunub ki, Mehdiyev zərərçəkmişlərdən birinə özünü Müdafiə Nazirliyinin Təchizat şöbəsinin mayoru, birinə polkovnik-leytenantı, digərinə isə polkovniki kimi təqdim edib. Guya adı Zeynaldır, ordunun ərzaq və digər təminatlarını yerinə yetirir.
Məsələn, ərzaq satışı ilə məşğul olan firma sahibi Rizvan Quliyevə belə kələk gəlib ki, o, Şəmkir və Bərdə hərbi korpuslarının ərzaq təminatını təşkil edir. Anar bu üsulla firmanın anbarından 52 min 500 manatlıq mal əti götürüb. Həmin məhsulu isə müxtəlif ticarət obyektlərində satdıqdan sonra ona inamı möhkəmləndirmək üçün əldə etdiyi vəsaitdən firma sahibinə 40 min manat verib. Artıq güvən qazanan Mehdiyev növbəti dəfə eyni firmadan 82 min 500 manatlıq məhsul alaraq aradan çıxıb.
.jpg)
Bundan sonra Mehdiyev pulunu hesaba köçürəcəyini deyərək eyni fırıldaqla üç ayrı-ayrı şirkətdən 200 min manatlıq toyuq əti, başqa bir firmanın direktor müavinindən isə 26 min manatlıq təkər və akkumulyatoru alıb sataraq pulunu mənimsəyib.
İstintaq materiallarında yazılıb ki, o, rəsmi şəxs olduğunu sübut etmək üçün saxta sənədlər təqdim edib.
Təqsirləndirilən şəxs sonuncu zərərçəkmişi də özünəməxsus şəkildə aldadıb. Firmanın direktor müavinini inandırıb ki, Müdafiə Nazirliyinin bir sıra yük maşınlarının təkərləri və akkumulyatorları sıradan çıxıb, “Zəfər Günü” ilə bağlı bir neçə günlük fasilədən istifadə edərək təcili dəyişdirilməlidirlər.
Aldanılan iş adamlarının sözlərinə görə, Anar Mehdiyev onları şoka salıb. Belə ki, görüşlərə hərbi formada gəlib, özünü əsl dövlət məmuru kimi aparıb. Onlar hamısı şikayətçi olduqlarını, amma pullarının ödəniləcəyi halda barışığa gedə biləcəklərini deyiblər.
Müttəhim “zabit” özü də təqsirini boynuna alıb, sadəcə bəzi zərərçəkmişlərin onun qaytardığı pulu nəzərə almadıqlarını əlavə edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri zərərçəkmişləri və şahidləri bir-bir dinlədikdən sonra təqsirləndirilən şəxsə düzgün ittiham verildiyini təsdiq ediblər. Nəticədə Anar Mehdiyev külli miqdarda dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib.
Sail Ağasəlim
Son xəbərlər
Son Xəbərlər