Haitidə silahlı hücum - 47 ölü, 22 yaralı

haitide-silahli-hucum
Oxunma sayı: 529

Haitinin paytaxtı Port-o-Prensə baxan təpələrdə yerləşən Kenskoff bölgəsində silahlı dəstələrin həyata keçirdiyi hücum nəticəsində ən azı 47 nəfər ölüb, 22 nəfər yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BMT-nin Haitidəki İnteqrasiya olunmuş Ofisi (BINUH) məlumat yayıb.

Hücum yerli vaxtla saat 22:30 radələrində başlayıb. Haiti İnsan Haqları Təşkilatı (RNDDH) ilkin olaraq 30-40 nəfərin öldüyünü, 15-20 nəfərin yaralandığını açıqlamışdı.

Yerli sakinlərin sözlərinə görə, silahlı dəstələrin hücumu zamanı çoxsaylı evlər yandırılıb. Onlar təhlükəsizlik qüvvələrinin mülki əhalini qoruya bilmədiyini bildirərək yerli polis rəisinin istefasını tələb ediblər.

Haiti hökuməti hücumu pisləyərək bölgədə təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini açıqlayıb.

Qeyd edək ki, Port-o-Prensə gedən yollar üzərində strateji mövqedə yerləşən Kenskoff son bir ildə silahlı dəstələrin təxminən 12 hücumuna məruz qalıb. Zorakılıq nəticəsində minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.

BMT-nin məlumatına görə, 2025-ci ilin əvvəlindən etibarən bölgədə baş verən hücumlarda 260-dan çox insan öldürülüb, 200 ev dağıdılıb və ya yandırılıb, təxminən 3 min nəfər isə ərazini tərk edib.