“Evimizi kreditlə yeni təmir etmişdik. 2024-cü ilin oktyabrında yağan yağışlar evi tamamilə yararsız hala saldı, bizə təxminən 20 min manat ziyan dəydi. Hələ də fəsadları aradan qaldırmağa çalışırıq, heç kim qapımızı açıb vəziyyətimizlə maraqlanmır”.
Bu şikayətlə “Qafqazinfo”ya Bakının Xəzər rayonu Buzovna qəsəbəsi, Ayna Sultanova küçəsinin sakini İlahə Babayeva müraciət edib.
Evinin sığortasının olmadığını deyən şikayətçinin sözlərinə görə, problemə görə yalnız bələdiyyə tərəfindən müəyyən qədər maddi köməklik olunub ki, o da ziyanı qarşılamır: “Təmirdən təzə çıxan ev idi, əşyalar ələ gəlmir. Mətbəx mebelimiz yararsız vəziyyətdədir. Qapısını açdıqda taxtaları tökülsə də, məcburiyyətdən saxlamışıq. Qonaq və yataq otaqlarındakı mebelləri isə yeni olmasına baxmayaraq, atmalı olduq. İki otağın laminat döşəməsi və divan təmir olunub. Bütün işləri öz hesabımıza görmüşük. Toplasaq, bizə ümumilikdə 20 min manata yaxın ziyan dəyib, ancaq bələdiyyə cəmi mənə 300 manat, həyat yoldaşıma isə 400 dollar (təxminən 680 manat) olmaqla ümumilikdə 980 manat yardım göstərib. Övladlarım 10-15 gün təhsildən geri qaldı. Heç bir məsul şəxs gəlib vəziyyətlə maraqlanmayıb”.
İ.Babayeva qeyd edib ki, hazırda əsas tələbi evinə dəyən ziyanın qarşılanması və ərazidə kanalizasiya sisteminin bərpa olunmasıdır: “Məhəlləmizdən 200-300 metr yuxarıda təmir işləri aparılır, yollar asfaltlanır. Lakin bizim məhəlləyə baxan yoxdur. Yağış yağan kimi su evlərə və həyətlərə dolur. Yay ayıdır, amma məhəlləmiz hələ də palçığın içərisindədir. Qarşıdan payız-qış ayları yaxınlaşır, yenə yağış yağacaq, evlərimiz su altında qalacaq. Qurumlara çoxsaylı müraciətlər etsək də, problemin aradan qaldırılması istiqamətində ciddi tədbir görülmür”.
Problemlə bağlı ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə ünvanladığımız sorğuya belə cavab aldıq: “Qeyd olunan ünvanda İri Şəhərlərin Su Təchizatının tullantı su şəbəkəsi mövcud deyil. Tullantı su sistemi mövcud olmayan ərazilərdə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” çərçivəsində ADSEA-nın sifarişi ilə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır”.
Sözügedən şikayətlə bağlı Xəzər RİH-yə də müraciət etdik. Buzovna bələdiyyəsinə yönləndirilən sorğumuza cavabda qeyd edildi ki, sakinin evinə dəymiş 20 min manata yaxın ziyanın bələdiyyə tərəfindən qarşılanması mümkün deyil: “Belə hallarla üzləşən sakinlərin sayı çoxdur və bələdiyyənin bu məbləğdə ödəniş etmək imkanı yoxdur. Bununla belə, bələdiyyə tərəfindən ailəyə 1000 manata yaxın maddi yardım göstərilib”.
Yolların asfaltlanmaması ilə bağlı detala gəlincə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirildi ki, həmin ərazidə müvafiq yol işlərinin görülməsi qurumun səlahiyyətlərinə aid deyil: “Sözügedən yol sahəsi qəsəbədaxili ərazidə yerləşir və Agentliyin balansında deyil. Bu səbəbdən həmin yolun saxlanılması, təmiri və ərazidə müvafiq yol işlərinin görülməsi AAYDA-nın səlahiyyətlərinə aid deyil. Bununla yanaşı, qəsəbə ərazisində yağış və tullantı sularının toplanması, emalı və kənarlaşdırılması üçün ümumi sistemlərin yaradılması və istismarı da Agentliyin fəaliyyət istiqamətlərinə daxil deyil. Qanunvericiliyə əsasən, bu sahədə fəaliyyətin təşkili aidiyyəti su təsərrüfatı qurumlarının səlahiyyətinə aiddir”.
Fatimə Şahverdiyeva