Livanın “Hizbullah” hərəkatı İrandan milyonlarla dollar maliyyə dəstəyi aldıqdan sonra İsraillə hərbi əməliyyatların yenidən başlama ehtimalına qarşı üç aydır hazırlıq aparır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Livanın təhlükəsizlik strukturlarındakı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, 2024-cü ildən bəri İsraillə gedən döyüşlərdə minlərlə döyüşçüsünü, komandanlıq heyətini və cəbbəxanasının böyük hissəsini itirən hərəkat iyun ayından bəri yaranan nisbi sakitlikdən istifadə edərək yenidən silahlanır. Qruplaşmanın əsas diqqəti partlayıcı maddələrin əldə edilməsinə və İsrail mövqelərinə zərbə vuracaq dronların istehsalına yönəldilib.
Mənbələr bildirir ki, Tehran “Hizbullah”ın hərbi imkanlarını bərpa etmək üçün təşkilata on milyonlarla dollar vəsait ayırıb. Bu məbləğ İrandan Livanın şiə əhalisinin köçkün düşmüş ailələrinə yardım üçün göndərilən 200 milyon dollardan əlavə təmin olunub. Həmçinin hərəkatın əvvəlki gərgin döyüşlərdə sıradan çıxmış komanda-idarəetmə strukturunu bərpa etməyə çalışdığı vurğulanır.
“Hizbullah”ın mətbuat xidməti “Reuters”in suallarına cavab olaraq bildirib ki, İsrailin Livan torpaqlarını işğal etməsi müqaviməti onların qanuni hüququna çevirir. Təşkilat komanda-idarəetmə sisteminin sıradan çıxması barədə iddiaları təkzib edib.
Öz növbəsində ABŞ Dövlət Departamenti də Vaşinqtonun sanksiyalar vasitəsilə “Hizbullah”ın maliyyə resurslarını kəsməyə davam edəcəyini bəyan edib.
Son xəbərlər
Son Xəbərlər