Husilər Qırmızı dəniz sahilini nəzarətə aldı

husiler-qirmizi-deniz-sahilini-nezarete-aldi
Oxunma sayı: 450

Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı ölkənin Qırmızı dənizdəki bütün qərb sahilini tam nəzarətə götürdüyünü bəyan edib.

“Qafqazinfo” “Al Jazeera” telekanalına istinadla xəbər verir ki, husilər dəniz sahilində yerləşən strateji Moxa şəhərini ələ keçirməklə Qırmızı dəniz sahillərində nəzarəti tamamilə genişləndiriblər.

Bu addımla qruplaşma qlobal dəniz ticarəti və neft daşımaları üçün həyati əhəmiyyət kəsb edən Bab əl-Məndəb boğazı üzərindəki nüfuzunu daha da gücləndirib.

“Ənsar Allah” Siyasi Bürosunun üzvü Xuzam əl-Əsədin verdiyi məlumata görə, qruplaşma artıq Bab əl-Məndəb boğazındakı Perim adasını və Taiz əyalətinin Bab əl-Məndəb dairəsini tam nəzarətdə saxlayır.

Bununla yanaşı, bu gün səhər saatlarında husi qüvvələri Yəmənin cənub-qərbində, Taiz mühafəzəsində yerləşən və planetin ən kritik gəmiçilik marşrutlarından birinin üzərində bərqərar olan strateji Dubab sahil şəhərini də ələ keçiriblər.

Xatırladaq ki, bundan əvvəl Yəmən hakimiyyəti ölkənin rəsmi paytaxtı üzərində nəzarəti bərpa etmək barədə qərar qəbul etmişdi.