Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub.
“Qafqazinfo” xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlət başçısına kənddə görülmüş işlər barədə məlumat verib.
Qeyd edək ki, Çapar Ağdərə rayonunun İmarət Qərvənd kənd inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin cənub-şərq yamacında yerləşir. Burada qala və məbəd memarlıq abidələri var. Çapar kəndi Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.
Çaparda mövcud olan fərdi evlərin sayı 104-dür. Onlardan da 41-i yararsız, 63-ü isə qismən yararlıdır. Evlərdən 40-ı artıq istismara hazırdır. İl ərzində daha 23 ev bərpa ediləcək. İlkin olaraq kəndə 26 ailə (96 nəfər) qayıdıb.
Burada sosial məsələlərin həlli ilə bağlı bir çox iş görülüb. Belə ki, 3 ədəd mövcud transformator və elektrik xətti bərpa edilib, yeni elektrik, qaz və rabitə xətləri çəkilib, su şəbəkəsi yaradılıb, su anbarları bərpa olunub. Uzunluğu 6 kilometrə yaxın olan kənddaxili yollar yenidən qurulub. Kənddə yeni salınmış park da sakinlərin istifadəsinə veriləcək.
Sonra Prezident İlham Əliyev kəndə köçən Kəmalə Dadaşovanın ailəsinə baş çəkib və yaşayış şəraiti ilə maraqlanıb.
***
Prezident İlham Əliyev Ağdərə rayonunun Heyvalı kəndində görülmüş işlərlə tanış olub.
Dövlət başçısına kənddə icra olunan abadlıq işləri və planlaşdırılan infrastruktur layihələri barədə məlumat verilib.
Heyvalı kəndi Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin ətəyində yerləşir. İşğaldan əvvəl yerli əhalinin əsas məşğuliyyətini taxılçılıq, tütünçülük və heyvandarlıq təşkil edib, kənddə məktəb, klub və poçt kimi sosial obyektlər fəaliyyət göstərib. Kənd 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.
Qeyd edək ki, Heyvalıda mövcud olan 126 fərdi evdən 45-i artıq tam bərpa edilib və istismara hazırdır. İl ərzində daha 50 evin bərpası nəzərdə tutulur. Artıq doğma yurduna dönən 19 ailənin (74 nəfər) məskunlaşması üçün bütün zəruri şərait yaradılıb.
Kəndin yenidən qurulması çərçivəsində sosial infrastrukturun bərpası istiqamətində genişmiqyaslı işlər görülüb. Belə ki, 2 mövcud transformator, enerji və qaz xətləri bərpa olunub, yeni rabitə xətləri çəkilib. Sakinlərin içməli su ilə təmin olunması üçün 60 kubmetrlik çən quraşdırılıb və su şəbəkəsinin inşası üzrə işlərə başlanılıb. Bundan əlavə, 4,5 kilometr uzunluğunda kənddaxili yollar əsaslı şəkildə bərpa olunub və sakinlərin asudə vaxtı üçün yeni istirahət parkı salınıb.
Sonra Prezident İlham Əliyev kənd sakini Sarvan Abbasovun ailəsinə baş çəkib, yeni evdə yaradılmış şəraitlə tanış olub.
***
Prezident İlham Əliyev Ağdərə rayonunun Çıldıran kəndində görülmüş işlərlə tanış olub.
***
Prezidenti İlham Əliyev Ağdərə rayonunun Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Azerbaijan International Mining Company Limited” şirkətinin prezidenti və baş icraçı direktoru Rza Vəziri dövlətimizin başçısına kompleks barədə məlumat veriblər.
Bildirilib ki, kompleksə mis flotasiya zavodu, nəm tullantı anbarı, elektrik yarımstansiyası və digər tikililər daxildir. Mədən və istehsalat üzrə ümumi sahəsi 929 hektar olan kompleks Türkiyə və Almaniya texnologiyası əsasında yenidən qurulub. Yenidənqurma və bərpa işlərinə 15,3 milyon manat özəl investisiya yatırılıb.
“Dəmirli” Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dağ-mədən sənayesi üzrə işə başlayan ilk layihədir. Mis flotasiya zavodunda “Dəmirli” mədənindən çıxarılan filiz emal ediləcək və son məhsul - mis konsentratı istehsal olunacaq. Mis flotasiya zavodunun illik istehsal gücü 5,6 milyon ton filiz emalıdır.
1993-cü ildən Ermənistanın işğalı altında olan “Dəmirli” mis yatağı 2013-cü il mayın 13-dən etibarən təqribən 10 il ərzində qeyri-qanuni istismara məruz qalıb. O dövr üçün məlum olan 311 min ton çıxarılabilən mis ehtiyatının 218 min tonu, yəni 70 faizi qanunsuz şəkildə hasil edilib.
Hazırda qalıq ehtiyatların ilkin istismar dövrü 2025–2030-cu illəri əhatə edir. Bu müddətdə Çin Xalq Respublikasına 1,6 milyard manat dəyərində konsentrat şəklində 85 min ton mis metalının ixracı nəzərdə tutulur. Bununla belə, qarşıdakı illərdə mədənin mis ehtiyatlarının artırılması proqnozlaşdırılır. İlkin geoloji kəşfiyyat məlumatlarına əsasən, burada 470 min tona yaxın əlavə mis ehtiyatı mövcuddur. Aparılacaq 4 illik geoloji kəşfiyyat və tədqiqat proqramı nəticəsində bu ehtiyatların çıxarıla bilən həcmi dəqiqləşdiriləcək.
Kompleksdə ilkin mərhələdə 980 nəfər daimi işlə təmin olunub. Onlardan 260 nəfəri keçmiş məcburi köçkün, o cümlədən işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşlardır. Növbəti illərdə əksəriyyəti yerli icmaları təmsil edən vətəndaşlar üçün daimi iş yerlərinin sayının 1250-yə çatdırılması planlaşdırılır.
Mədəndə hasilat Azərbaycan ərazisində bir sıra filiz yataqlarının kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında “AzerGold” QSC ilə ABŞ-ın “R.V. Investment Group Services” şirkəti arasında 2024-cü ildə bağlanmış saziş üzrə əməliyyat şirkəti “Azerbaijan International Mining Company Limited” tərəfindən aparılır.
Prezident İlham Əliyev tərəfindən 2024-cü ildə təsdiq edilmiş Qanuna əsasən hasilatın pay bölgüsü haqqında saziş üzrə dövləti təmsil etmək səlahiyyəti “AzerGold” QSC-yə həvalə edilib.
Layihə çərçivəsində ətraf mühitin mühafizəsi üzrə kompleks tədbirlər həyata keçirilib. İlkin vəziyyətin qiymətləndirilməsi və ekoloji monitorinqlər aparılıb, nəticələr əsasında Ətraf və Sosial Mühitə Təsirin Qiymətləndirilməsi sənədi hazırlanıb. Layihə müddətində toz və səs emissiyalarının azaldılması, torpaq və su resurslarının qorunması məqsədilə müvafiq monitorinq, laborator analizlər, yaşıllaşdırma işləri və suyun təkrar dövriyyə sistemləri tətbiq olunur. Həmçinin fəaliyyət dayandırıldıqdan sonra ərazilərin texniki və bioloji rekultivasiyası təmin ediləcək.
Bu layihənin icrası Azərbaycanda qeyri-neft sektorunun dayanıqlı inkişafının təmin olunması, ölkəmizin ixrac qabiliyyətinin artması, işğaldan azad edilmiş ərazilərdə təbii ehtiyatların səmərəli və qanuni istifadəsinin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, özəl investisiyaların cəlbi regionda sənaye və dağ-mədən sahəsinin müasirləşdirilməsinə və şaxələndirilməsinə, iqtisadi fəallığın artırılmasına, yeni iş yerlərinin yaradılmasına da mühüm töhfə verir. İşğaldan azad olunmuş ərazilərdə sahibkarlığın dəstəklənməsi istiqamətində Azərbaycan dövləti tərəfindən çox vacib qərarlar qəbul olunub. Həmin ərazilərimizdə dayanıqlı məskunlaşmanın, özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların cəlbi və əlverişli biznes mühitinin formalaşdırılması əsas strateji hədəflərindən biri kimi müəyyənləşdirilib. Qeyd edək ki, işğaldan azad olunmuş torpaqlarımızda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən, həmçinin bu ərazilərdə rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri üzrə idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV və gömrük rüsumundan azaddır.
Prezident İlham Əliyev süxurların partladılması üçün rəmzi düyməni basıb.
***
Prezidenti İlham Əliyev Ağdərə rayonunun Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olub.






















