İran ABŞ və İsrailin hücumları ilə başlayan son müharibə zamanı gündəlik 230 milyon kubmetr təbii qaz hasilat gücünü itirib.
“Qafqazinfo” IRNA-ya istinadən xəbər verir ki, bunu hökumət sözçüsü Fatma Mühacərani Tehranda keçirdiyi mətbuat konfransında açıqlayıb.
Mühacərani bildirib ki, təxminən 40 gün davam edən müharibə zamanı ölkənin qaz hasilatı obyektlərinin bir hissəsi zədələnib. Nəticədə İranın gündəlik qaz hasilatı gücünün təxminən 230 milyon kubmetri sıradan çıxıb.
Onun sözlərinə görə, qaz hasilatındakı azalma digər enerji sahələrinə də təsir göstərib. Belə ki, neft emalı zavodlarına göndərilən xammalın və elektrik stansiyalarına verilən yanacağın həcmi də azalıb.
Hökumət sözçüsü bu səbəbdən əhalini enerji istehlakına qənaət etməyə çağırıb.
Mühacərani son günlər ictimai müzakirələrə səbəb olan yanacaq qiymətləri məsələsinə də toxunub. O bildirib ki, hazırda yanacağın qiymətində artım olmayıb və mövcud qiymət siyasəti qüvvədə qalır.
Hökumət sözçüsü ABŞ-nin hücumlarından sonra Buşehr əyalətinə səfəri zamanı bölgədəki vəziyyətlə tanış olduğunu da deyib. Onun sözlərinə görə, Buşehr hava limanı, demək olar ki, tamamilə istifadəyə yararsız vəziyyətə düşüb. Mühacərani hücum zamanı mülki təyyarəyə aid qalıqların da zədələndiyini bildirib.
Mühacərani müharibə zamanı həyatını itirən şəxslərin ailələri ilə görüşdüyünü də açıqlayıb.
Onun sözlərinə görə, hücumlar nəticəsində 350-dən çox dövlət işçisi həyatını itirib. Lakin bu itkilərin hansı tarix aralığını əhatə etdiyi barədə əlavə məlumat verilməyib.
İran hökumətinin açıqladığı məlumatlara əsasən, müharibə ölkənin nəqliyyat infrastrukturuna da ciddi zərər vurub.
Mühacərani Yollar və Şəhərsalma Nazirliyinin hesabatına istinadən bildirib ki, döyüşlər zamanı 12 körpü və 2 tunel zədələnib.
Onun sözlərinə görə, tunellər sonradan yenidən nəqliyyata açılıb, dağılan körpülərin yerində isə alternativ yollar yaradılıb.
Son xəbərlər
Son Xəbərlər