İş adamının pulu ilə toya gedəcəkdi - Viza tələbinə “ilişdi”

is-adaminin-pulu-ile-toya-gedecekdi
Oxunma sayı: 540

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ABŞ vizası ilə bağlı yaranan prosedur problemlərinə görə planlaşdırılan ABŞ səfərini ləğv edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti məlumat yayıb.

Bildirilib ki, Ben-Qvir ABŞ-də keçiriləcək bir tədbirdə və israilli iş adamı Yaakov Elhararın qızının toy mərasimində iştirak etməyi planlaşdırırdı. Lakin viza prosesi zamanı ABŞ səfirliyi tərəfindən əlavə prosedur olaraq barmaq izlərinin verilməsi tələbi irəli sürülüb.

Məlumata əsasən, bu tələbdən sonra Ben-Qvir səfərini təxirə salmaq və ya tamamilə ləğv etmək qərarı verib.

İsrail mediası bildirir ki, Ben-Qvir digər yüksəkrütbəli israilli rəsmilər kimi diplomatik viza alma hüququna malik olsa da, ABŞ səfirliyinin ondan barmaq izi tələb etməsi “qeyri-adi addım” kimi qiymətləndirilib.

Nazirin ofisi isə ABŞ səfirliyinin viza prosesi çərçivəsində barmaq izlərinin tələb olunduğunu təsdiqləyib.

Məlumata görə, Ben-Qvirin ABŞ səfərinin israilli iş adamı tərəfindən maliyyələşdirilməsi planı da ölkə daxilində mübahisələrə səbəb olub.

İsrail İctimai Ombudsmanının rəhbərlik etdiyi qurum bu cür maliyyələşdirmənin etik qaydalara uyğunluğu ilə bağlı narahatlıq ifadə edib. Nəticədə səfərin özəl sponsor tərəfindən maliyyələşdirilməsi planı geri götürülüb.

İsraildə mövcud qaydalara əsasən, nazirlərin maraqlar toqquşması yaratmamaq şərti ilə xarici səfərləri özəl vəsaitlə maliyyələşdirilə bilər.