İstefa verib ölkədən qaçdı - Video - Yenilənib

istefa-verib-olkeden-qacdi
Oxunma sayı: 7083

Banqladeşin Baş naziri Şeyx Hasina ölkədə etirazlar fonunda istefa verib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, onun ölkəni tərk edərək Finlandiyaya qaçdığı bildirilir.

Banqladeş ordusundan məlumatı təsdiqləyiblər.

***

“Prothom Alo Daily” nəşrinin məlumatına görə, Şeyx Hasina hərbi helikopterlə Hindistana uçub.

***

Minlərlə etirazçı Baş nazirin iqamətgahına hücum edib. Sosial şəbəkələrdə bunu əks etdirən görüntülər yayılıb.

***

Hindistanın sərhəd təhlükəsizlik qüvvələri Banqladeşlə sərhəddə iğtişaşlar fonunda həyəcan səviyyəsini artırıb.

***

Banqladeş ordusunun baş komandanı bildirib ki, baş nazirin istefasından sonra ölkədə müvəqqəti hökumət qurulacaq. Bu qərar hərbçilərin bütün siyasi partiyaların nümayəndələri ilə görüşündən sonra qəbul edilib.

***

Şeyx Hasina bacısı ilə Hindistanın Aqartala şəhərinə gedib.

***

Banqladeşin daxili işlər naziri Əsəduzzaman Xan Baş nazir Şeyx Hasinanın istefasını təsdiqləyib.

***

Şeyx Hasina Britaniya vətəndaşlığı olan bacısı ilə birlikdə Böyük Britaniyadan sığınacaq istəyib.

Qeyd edək ki, ölkədə həftələrdir davam edən etiraz və nümayişlər avqustun 4-ü “Ayrıseçkiliyə qarşı Tələbə Hərəkatı” təşkilatının hakimiyyətlə əməkdaşlıqdan imtina etməsindən sonra daha da güclənərək iğtişaşlara çevrilib. Toqquşmalar nəticəsində ölənlərin sayı azı 300 nəfərə çatıb.

Etirazlara səbəb isə dövlət qurumlarında vəzifələrin 30 faizinin Banqladeşin müstəqilliyi uğrunda 1971-ci ildə aparılmış müharibənin veteranlarının qohumlarına verilməsinə dair aşağı instansiya məhkəməsinin qərarı olub. Banqladeş Ali Məhkəməsi aşağı instansiya məhkəməsinin qərarını ləğv edib, bu kvota 7 faizə endirilib.

Xatırladaq ki, 76 yaşlı Şeyx Hasina 2009-cu ildən baş nazir postunda idi. Bundan öncə isə o, 1996-2001-ci illərdə də baş nazir vəzifəsini icra edib.