Ağdamda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirildi - Fotolar

agdamda-dovlet-proqraminin-icrasi-ile-bagli-tedbir-kecirildi
Oxunma sayı: 202

Ağdam rayonunda Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının icrasının 6 aylıq yekunlarına həsr olunmuş tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları ilk olaraq rayonda fəaliyyət göstərən fermer təsərrüfatlarına və sahibkarlıq subyektlərinə baş çəkərək kənd təsərrüfatı sahəsində mövcud vəziyyətlə yerində tanış olublar.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Qiyas Yusifov, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq və Balıqçılıq siyasəti şöbəsinin müdiri Bayandur Rzayev, Əlaqələndirmə Qərargahının üzvləri, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yerli qurumlarının nümayəndələri təsərrüfatlarda aparılan işləri nəzərdən keçiriblər.

Səfər zamanı əkin sahələrinin vəziyyəti, torpaq resurslarından istifadə, istehsal potensialı və suvarma ilə bağlı məsələlər diqqət mərkəzində olub. Fermerlərlə və sahibkarlarla aparılan söhbətlər zamanı onların qarşılaşdıqları çətinliklər, təklif və müraciətləri dinlənilib, mövcud problemlərin aradan qaldırılması yolları müzakirə edilib.

Sahə baxışından sonra Ağdam Rayon İcra Hakimiyyətinin inzibati binasında görüş keçirilib. Görüşdə dövlət qurumlarının nümayəndələri, Əlaqələndirmə Qərargahının üzvləri, fermerlər və sahibkarlar iştirak ediblər.

Müzakirələr zamanı Dövlət Proqramının rayonda icrası üzrə əldə olunan nəticələr, aqrar sahənin inkişaf perspektivləri, əkinəyararlı torpaqlardan səmərəli istifadə, kənd təsərrüfatı məhsullarının istehsalının və məhsuldarlığın artırılması, su təminatının yaxşılaşdırılması, eləcə də fermerlərin üzləşdikləri problemlərin həlli məsələləri ətraflı nəzərdən keçirilib.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov çıxış edərək ölkəmizdə kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və aqrar sahənin mövcud imkanlarının genişləndirilməsi istiqamətində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, Ağdam Rayon İcra Hakimiyyəti başçısının 08 iyul 2026-cı il tarixli 158 nömrəli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahı tərəfindən aqrar sahədə yaranan məsələlərin operativ araşdırılması, fermer və sahibkarların müraciətlərinin aidiyyəti üzrə yönləndirilməsi, eləcə də Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan tədbirlərin əlaqəli şəkildə həyata keçirilməsi istiqamətində müvafiq işlər davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Qiyas Yusifov çıxışında 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının qarşıya qoyduğu hədəflərdən bəhs edib. O, proqramın kənd təsərrüfatında müasir yanaşmaların tətbiqi, istehsal və məhsuldarlıq göstəricilərinin yüksəldilməsi, kənd yerlərində məşğulluğun artırılması və aqrar sahibkarlığın təşviqi baxımından mühüm rol oynadığını diqqətə çatdırıb.

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq və Balıqçılıq siyasəti şöbəsinin müdiri Bayandur Rzayev çıxış edərək Dövlət Proqramının əsas hədəfləri, aqrar sahənin müxtəlif istiqamətləri üzrə qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüb.

Bildirib ki, mövcud potensialın düzgün qiymətləndirilməsi, istehsal imkanlarının genişləndirilməsi və fermerlərə göstərilən dəstək mexanizmlərindən səmərəli istifadə Dövlət Proqramının uğurlu icrasında mühüm rol oynayır. Görüş çərçivəsində Ağdam Rayon İcra Hakimiyyəti başçısının 08 iyul 2026-cı il tarixli 158 nömrəli Sərəncamı ilə təsdiq edilmiş İş Planının icrası üzrə görülən işlər barədə ətraflı məlumat verilib. Dövlət Proqramının müvafiq istiqamətləri üzrə həyata keçirilən tədbirlər, mövcud nəticələr və növbəti mərhələdə icrası nəzərdə tutulan vəzifələr müzakirəyə çıxarılıb.

Daha sonra tədbir iştirakçılarının iştirakı ilə fikir mübadiləsi aparılıb, fermer və sahibkarların müraciətləri dinlənilib. Səsləndirilən təklif və problemlərlə bağlı aidiyyəti qurumların nümayəndələri tərəfindən izahatlar verilib, məsələlərin həlli üçün müvafiq tapşırıq və tədbirlər müəyyənləşdirilib.

Görüşün sonunda fermer və sahibkarlar aqrar sahəyə göstərilən dövlət dəstəyini, kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər. Onlar yaradılan imkanlardan səmərəli istifadə edərək istehsalın genişləndirilməsi, məhsuldarlığın artırılması və Dövlət Proqramında müəyyən edilmiş hədəflərin reallaşdırılmasına öz töhfələrini vermək əzmində olduqlarını bildiriblər.