İtkin düşən iş adamı nəhəng timsahın mədəsində “tapıldı” - Video

itkin-dusen-is-adami-neheng-timsahin-medesinde-tapildi
Oxunma sayı: 1578

Cənubi Afrikada daşqınlar zamanı itkin düşən iş adamının axtarışı dəhşətli bir tapıntı ilə nəticələnib.

“Qafqazinfo” xəbər verir ki, Mpumalanqa əyalətindəki Komati çayında qeyri-adi böyük bir timsahın aşkar olunması diqqət çəkib.

Güclü yağışlar və daşqın nəticəsində avtomobili ilə çay sularına axan 59 yaşlı iş adamını uzun müddət tapa bilməyən axtarış və xilasetmə qrupları günlərlə davam edən axtarışın ardından çay sahilində təxminən 4,5 metr uzunluğunda nəhəng bir timsah müşahidə edib. Şişmiş görünüşü və diqqətçəkən davranışları səbəbindən səlahiyyətlilər heyvanı zərərsizləşdirərək helikopterlə çaydan çıxarıblar.

Timsahın mədəsi açıldıqda isə qorxunc həqiqət üzə çıxıb: günlərdir itkin düşən iş adamının cəsədi timsahın mədəsindən tapılıb.

Məlumata görə, timsahın mədəsində yalnız iş adamına aid olduğu ehtimal olunan qalıqlar yox, həmçinin digər insanlara aid ola biləcək bir neçə ayaqqabı da aşkar edilib. Bu, nəhəng timsahın əvvəllər də bölgədə insanlara hücum etməsi ehtimalını artırır. Hakimiyyət orqanları qalıqları və tapılan digər əşyaları DNT testləri vasitəsilə dəqiq müəyyənləşdirməyə başlayıb.