Kitab oxuyan dövlət işçilərinə ikiqat maaş veriləcək - Bu ölkədə

kitab-oxuyan-dovlet-iscilerine-ikiqat-maas-verilecek
Oxunma sayı: 976

Özbəkistanda dövlət qurumlarının aktiv şəkildə kitab oxuyan əməkdaşları pul mükafatları alacaqlar. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi öz saytında məlumat yayıb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin imzaladığı “Oxu mədəniyyətinin inkişafı və əhalinin kitablara marağının artırılması tədbirləri haqqında” sənədə əsasən 2026-2030-cu illər ərzində bir vətəndaşın il ərzində orta hesabla 10 kitab oxumasını təmin etmək planlaşdırılır. Bu proqram çərçivəsində nazirliklərdə və idarələrdə işçilər arasında müsabiqələrin keçirilməsi nəzərdə tutulub. Nəticələrə əsasən, ən çox kitab oxuyan işçiyə aylıq maaşı həcmində əlavə mükafat veriləcək.

Bundan əlavə, dövlət başçısı 1 aprel tarixinədək bütün dövlət müəssisələrində xüsusi kitab guşələrinin yaradılması, eləcə də işçilər üçün aylıq “oxu saatları”nın tətbiq edilməsi barədə tapşırıq verib. Əlavə olaraq, işçilərin oxu fəallığı səviyyəsinə görə daxili reytinq sisteminin işə salınması planlaşdırılır.

Qərar həmçinin nəşriyyat layihələrinə maliyyə dəstəyini nəzərdə tutur. Belə ki, ən yaxşı xarici əsərlərin özbək dilinə tərcüməsi və nəşri, həmçinin milli ədəbiyyat nümunələrinin xarici dillərə tərcüməsi xərclərinin yarısı xüsusi fondlar vasitəsilə dövlət tərəfindən qarşılanacaq.