Kral DJ masasında - Video

kral-dj-masasinda
Oxunma sayı: 186

Böyük Britaniya Kralı III Çarlz Bukinqem Sarayında keçirilən bağ məclisində DJ masasına keçərək, musiqini özü başladıb. Britaniya kralının bu addımı tədbir iştirakçılarının marağına səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, mərasim “The King's Trust” gənclər xeyriyyə təşkilatının 50 illiyi münasibətilə təşkil edilib.

Tədbirdə iştirak edən məşhur aktyor İdris Elba isə kralın DJ performansını zarafatla şərh edib.

Aktyor bildirib ki, Çarlz əvvəlcədən “bu gün DJ olacağını” deyib və həqiqətən də, DJ pultunun arxasına keçib: “O, “play” düyməsini basdı. DJ kimi deyə bilərəm ki, ən çətin hissə də elə budur”.

İdris Elba əlavə edib ki, kral elektron və sürətli ritmli musiqi qarşısında uzun müddət dayanmayıb: “Deyək ki, orada çox qalmadı”.

Yağışlı hava şəraitinə baxmayaraq, tədbirdə qonaqlar musiqi sədaları altında rəqs edib. Kral Çarlz DJ kursu keçmiş 22 yaşlı Kristian Sent-Luislə birlikdə səhnəyə yaxınlaşıb və onu dəstəkləyib.

Tədbirdə həmçinin televiziya aparıcıları Ent və Dek, Holli Villobi, aktyorlar Helen Mirren və Demian Levis də iştirak ediblər.

Mərasimdə çıxış edən Darnell Olman-Smit isə təşkilatın media proqramı sayəsində depressiya və sosial narahatlıq problemlərini aşdığını bildirib. Hazırda onun “Netflix” layihələrində çalışdığı qeyd olunub.

“The King’s Trust” təşkilatının məlumatına görə, qurum son 50 ildə Böyük Britaniyada 1,3 milyondan çox gəncə dəstək göstərib.