“Kumho” Azərbaycan bazarında mövqeyini möhkəmləndirir - Fotolar

kumho-azerbaycan-bazarinda-movqeyini-mohkemlendirir
Oxunma sayı: 420

Cənubi Koreyanın tanınmış təkər istehsalçılarından olan “Kumho Tire” şirkəti Azərbaycanda media nümayəndələri və tərəfdaşları üçün infosessiya keçirib.

Brendin rəsmi distribütoru “Radius” şirkətində təşkil olunan tədbirdə “Kumho”nun qlobal bazarlardakı mövqeyi, istehsal imkanları, texnoloji yenilikləri və Azərbaycan bazarı üzrə inkişaf planları təqdim edilib.

Tədbirdə çıxış edən “Kumho” təmsilçiləri qeyd ediblər ki, şirkət məhsullarını dünyanın 180-dən çox ölkəsinə ixrac edir. Brendin hazırda Koreya, ABŞ, Çin və Vyetnamda istehsal müəssisələri fəaliyyət göstərir. “Kumho Tire” istehsal şəbəkəsini Avropaya da genişləndirir — Polşanın Opole şəhərində yeni zavodun tikintisi davam edir. Bu layihə şirkətin Avropa bazarında premium avtomobil markalarının tələblərinə daha çevik cavab verməsinə və 2028-ci ilədək illik istehsal həcmini 78 milyon təkərə çatdırmasına imkan verəcək.

“Kumho”nun Koreya, ABŞ, Almaniya və Çində yerləşən 5 tədqiqat və inkişaf — R&D mərkəzi təhlükəsiz, etibarlı və müasir təkər həllərinin hazırlanması üzərində çalışır.

Şirkət minik avtomobilləri, SUV-lər, yüngül kommersiya nəqliyyatı, yük maşınları və avtobuslar üçün təkərlər istehsal edir. “Kumho”nun “Volkswagen”, “Skoda”, “Mercedes-Benz”, “BMW”, “Stellantis”, “Hyundai” və “Kia” kimi qlobal avtomobil istehsalçıları ilə əməkdaşlığı brendin beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunun göstəricisi kimi təqdim olunub.

“Kumho Tire” Azərbaycanda 2008-ci ildən “Kumho” və “Marshal” brendləri ilə təmsil olunur. Radius şirkəti 2020-ci ildə Marshal brendi ilə “Kumho Tire” qlobal tərəfdaş şəbəkəsinə qoşulub, 2023-cü ildən isə “Marshal” ilə yanaşı, “Kumho” brendinin də rəsmi biznes tərəfdaşı kimi fəaliyyət göstərir.

Hazırda “Radius” avtomobil təkər mərkəzlərində “Kumho” məhsullarının satışı ilə yanaşı, peşəkar təkər xidmətləri də göstərilir. Şirkətin “Kumho” portfelində 450-dən çox məhsul çeşidi yer alır. Bu, Azərbaycan sürücülərinə yay, qış, dörd mövsüm və multi-iqlim şəraitləri üçün geniş seçim imkanı yaradır.

“Kumho” nümayəndələri Azərbaycan sürücüsünün keyfiyyətli məhsula yüksək diqqət göstərdiyini vurğulayıblar. Onların sözlərinə görə, minik avtomobilləri və SUV-lər üçün “Touring”, “All-Season”, “M+S” təkərlərinə maraq xüsusilə yüksəkdir. Bu kateqoriya həm mövsümi dəyişikliklərə uyğunlaşma, həm də gündəlik istifadə baxımından praktik seçim sayılır.

Media nümayəndələrinin suallarını cavablandıran “Kumho” təmsilçiləri Azərbaycan bazarındakı müştəri gözləntilərinin və sürüş ehtiyaclarının davamlı izlənildiyini bildiriblər. Şirkət yenilənən məhsul çeşidləri, mövsümi təkər həlləri və texnoloji yeniliklər barədə yerli müştəriləri mütəmadi məlumatlandırmağı planlaşdırır.

“Kumho Tire” Azərbaycan bazarında texnologiya, təhlükəsizlik, əlçatan keyfiyyət və müştəri məmnuniyyəti istiqamətində mövqeyini daha da möhkəmləndirməyi hədəfləyir.