Masallıda ticarət mərkəzində güclü yanğın - Video - Yenilənib

masallida-ticaret-merkezinde-guclu-yangin
Oxunma sayı: 8958

Masallı şəhərində yerləşən və “Köhnə bazar” adı ilə tanınan ticarət mərkəzində güclü yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.

***

FHN yanğınla bağlı məlumat yayıb. Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

TƏBİB-dən verilən məlumata görə, bu gün saat 16:19-da Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması ilə bağlı qurumun tabeliyindəki Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub.

Hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Yanğınla bağlı 5 nəfər (kişi) Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. 1 nəfərə sol qolun kəsilmiş yaraları, 4 nəfərə tüstü zəhərlənməsi diaqnozu ilə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilir.

***

FHN-dən bildirilib ki, görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.