Məktəbəqədər kurikulum ləğv edilib? - Yenilənib

mektebeqeder-kurikulum-legv-edilib
Oxunma sayı: 12605

Sosial şəbəkələrdə məktəbəqədər (3-6 yaş) təhsil proqramının, yəni kurikulumun ləğv edilməsi haqda məlumatlar yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın təsdiqi barədə əmr imzalayıb. 

Əmrə əsasən, Təhsil Nazirliyi tərəfindən 1998-ci ildə təsdiq edilmiş “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı” və Təhsil Nazirliyinin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)” ləğv edilib.

Əmr haqda məlumat yanlış anlaşılaraq kurikulumun ləğvi xəbəri kimi yayımlanıb. 

Qeyd edək ki, əmrdə Təhsil İnstitutuna “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın əsasında metodiki tövsiyələrin hazırlanmasını təmin etmək tapşırılıb. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub. 

***

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, 2017-ci ildə “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Həmin Qanuna əsasən, “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı” yenilənərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 avqust 2019-cu il tarixli 351 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı” təsdiq edilib:

“Dövlət standartı əsasında “Məktəbəqədər təhsil proqramı (kurikulum)” hazırlanıb və Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə təsdiq edilib. Bu səbəbdən 2012-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)” ləğv edilmiş hesab olunur. Bir daha vurğulayırıq ki, bu, 2012-ci ildən tətbiq edilən kurikulumun yenilənməsi deməkdir”.