“Məni susdurmağa çalışdınız” - Netanyahu

meni-susdurmaga-calisdiniz
Oxunma sayı: 410

İsrail Baş naziri Brnyamin Netanyahu BMT Baş Assambleyasının sessiyasındakı çıxışı zamanı İranda hakimiyyət dəyişikliyinin baş verəcəyini bəyan edib və Nyu-York merinə sərt cavab verib.

“Qafqazinfo” xəbər verir ki, Netanyahu İrandakı mövcud rejim haqqında danışarkən “bu şər rejimi gözləniləndən daha tez süqut edəcək” ifadəsini işlədib.

İsrail lideri əlavə edib ki, ölkədəki siyasi dəyişikliklərə birbaşa İran xalqının özü təkan verə bilər.

Diqqətçəkən məqamlardan biri o olub ki, Netanyahunun kürsüyə qalxmasından əvvəl bir sıra ölkələrin nümayəndə heyətləri zalı tərk ediblər. İsrail Baş naziri isə çıxışına başlamazdan öncə zalda qalanlara müraciət edərək çıxmağa macal tapmayanları vaxt itirmədən zalı tərk etməyə çağırıb.

Çıxışı zamanı Netanyahu Nyu-Yorkun meri Zohran Mamdanini də hədəf alaraq onu “həqiqəti susdurmağa cəhd etməkdə” ittiham edib:

“Cənab Mamdani, siz mənim bura gəlməyimə mane olmağa, məni susdurmağa çalışdınız. Lakin siz məni susdura bilməzsiniz, həqiqətin səsini kəsmək mümkün deyil. İsrail apardığı bütün müharibələrdə mütləq qələbə qazanacaq, çünki yəhudi dövlətinin başqa seçimi yoxdur”.
 
Xatırladaq ki, bundan əvvəl Nyu-York meri Mamdani Netanyahunun həbs olunması ilə bağlı çağırışlar etmişdi. Həmin bəyanatlara da münasibət bildirən İsrail Baş naziri Nyu-Yorka mütləq gedəcəyini və nifrət qızışdıran vəzifəli şəxsin üzünə həqiqətləri deyəcəyini qeyd etmişdi.