Millət vəkili Bala Kəngərlidə vətəndaş qəbulunda - Fotolar

millet-vekili-bala-kengerlide-vetendas-qebulunda
Oxunma sayı: 434

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Tərtər rayonunda vətəndaş müraciətlərinə operativ baxılması, əhalini narahat edən məsələlərin yerində araşdırılması və həlli istiqamətində həyata keçirilən səyyar qəbul görüşləri davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, yerlərdə keçirilən səyyar qəbullar vətəndaşların müraciətlərinin birbaşa dinlənilməsi, onların problemlərinin yerində öyrənilməsi və həlli baxımından xüsusi əhəmiyyət daşıyır. Bu görüşlər eyni zamanda dövlət orqanları ilə vətəndaşlar arasında açıq və səmərəli dialoqun qurulmasına, şəffaflığın təmin olunmasına və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

Növbəti qəbul rayonun Cəmilli kənd İƏD üzrə nümayəndəliyinin Bala Kəngərli kəndində keçirilib. Qəbulda Milli Məclisin deputatı Anar Məmmədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Görüşün keçirilməsində əsas məqsəd vətəndaşların narahatlığına səbəb olan məsələləri birbaşa dinləmək, qaldırılan problemlərin həlli istiqamətində birgə və səmərəli addımlar atmaqdır.

Səmimi və dialoq formatında keçən qəbul zamanı kənd sakinləri tərəfindən əsasən kənddaxili elektrik xətlərinin yenilənməsi və təmir-bərpa işlərinin aparılması, sakinlərin müvafiq iş yerləri ilə təmin olunması və məşğulluq problemlərinin həlli və digər sosial-məişət məsələləri qaldırılıb.

Vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub, digər müraciətlər isə aidiyyəti üzrə qeydiyyata alınaraq onların icrası nəzarətə götürülüb.

Sakinlər çıxış edərək belə səyyar qəbulların keçirilməsini yüksək qiymətləndirib, onların problemlərinin birbaşa dinlənilməsinə və həllinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər. Onlar dövlət tərəfindən göstərilən qayğını hər zaman hiss etdiklərini vurğulayaraq, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.