Fevralın 3-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin videokonfrans formatında iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, iclasa komitə sədri Arzu Nağıyev sədrlik edib.
O, gündəliyə “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi-Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında qanun layihəsinin daxil edildiyini bildirib.
İclasda bildirilib ki, preambula, 9 fəsil və 68 maddədən ibarət olan Konvensiya informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə dövlətlər arasında əməkdaşlığın gücləndirilməsini, ağır cinayətlər üzrə elektron sübutların toplanması, mübadiləsi və mühafizəsi üçün vahid hüquqi mexanizmin formalaşdırılmasını nəzərdə tutur. Sənəddə kibercinayətkarlıqla mübarizənin beynəlxalq hüquqi yardım, ekstradisiya və operativ qarşılıqlı əlaqə mexanizmləri çərçivəsində həyata keçirilməsi də əksini tapır.
Müzakirələrdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid çıxış edərək Konvensiyanın təsdiqinin hüquqi dövlət quruculuğu, insan hüquqlarının müdafiəsi və milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması baxımından əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, sənəd müasir dövrdə kibercinayətkarlıqla bağlı müxtəlif halları əhatə edir.
İclasda komitə sədrinin müavini Qüdrət Həsənquliyev, komitə üzvləri Hikmət Məmmədov, Qaya Məmmədov, Gülşən Paşayeva və Rizvan Nəbiyev qanun layihəsi ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
Həmçinin iclasda iştirak edən Milli Kibertəhlükəsizlik Mərkəzinin nümayəndələri Orxan Abdulkərimli və Elvin Balacanov qaldırılan məsələlərə dair açıqlamalar veriblər.
Müzakirələrin yekununda qanun layihəsinin baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.
Onlayn formatda keçirilən iclasda komitə üzvləri Kamal Cəfərov, Azər Kərimli, Ramid Namazov, Səbinə Salmanova, Elman Məmmədov, Samir Vəliyev, Mahir Süleymanlı, Aqil Abbasov, Aydın Mirzəzadə, Erkin Qədirli və digər rəsmi şəxslər iştirak ediblər.

Son xəbərlər
Son Xəbərlər