Sentyabrın 29-dan oktyabrın 1-dək Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Su İdmanı Federasiyasının (AWSF) birgə təşkilatçılığı ilə “Mingəçevir Reqatası - 2026” beynəlxalq turniri keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, ənənəvi reqata ikinci dəfə Füzulidə “Köndələn” su anbarında start götürəcək.
Sentyabrın 29-u Füzulidə yarışların rəsmi açılış mərasimi, kayak və kanoe üzrə 200 metr məsafəyə yürüşlər baş tutacaq. Həmçinin Füzuli sakinləri, xüsusən uşaq və yeniyetmələr üçün maraqlı şoular, əyləncəli viktorinalar təşkil olunacaq. Həvəskar kayak qayıqlarında avar çəkmək imkanı yaradılacaq.
Növbəti iki gün reqata Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində (OTİM) davam edəcək. Burada bütün növlər üzrə yarışlar keçiriləcək və qaliblər müəyyənləşəcək.
“Mingəçevir Reqatası”nda 12 ölkə - Azərbaycan, Çexiya Respublikası, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq.
Xatırladaq ki, 2022-ci ildən etibarən Su İdmanı Federasiyası ardıcıl olaraq “Suqovuşan” və “Köndələn” su anbarlarında avarçəkmə və kanoe üzrə “Prezident Kuboku” və “Mingəçevir Reqatası” kimi beynəlxalq yarışlar keçirir.
Dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bu il ilk dəfə olaraq “Sərsəng” su anbarında beynəlxalq yarış keçirilib.
Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş “Prezident Kuboku - 2026” reqatasının ilk günü Sərsəngdə baş tutub.
Son xəbərlər
Son Xəbərlər