Miqrantlara qarşı elektroşok əlcəklərindən istifadə edəcəklər

miqrantlara-qarsi-elektrosok-elceklerinden-istifade-edecekler
Oxunma sayı: 412

ABŞ-də İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşlarının istifadəsi üçün elektroşok əlcəklərinin alınmasına 20 milyon dollara qədər vəsait ayrılıb. Cihazların ölkədə qanunsuz yaşayan miqrantların saxlanılması zamanı istifadə edilməsi planlaşdırılır.

“Qafqazinfo” xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Departamentinin açıqlamasına görə, maliyyə ICE əməkdaşlarının bu xüsusi cihazlarla təchiz edilməsinə yönəldiləcək.

“Glove” adlandırılan elektroşok əlcəkləri aşağı gərginlikli elektrik impulsu vasitəsilə qarşı tərəfin hərəkətini məhdudlaşdırmaq üçün hazırlanıb. İstehsalçı cihazın şəxsi üç saniyədən az müddətdə itaətə gətirməkdə effektiv olduğunu bildirir.

Şirkət əlcəyi müxtəlif vəziyyətlərdə istifadə oluna bilən, aşağı gərginlikli və “humanist” vasitə kimi təqdim edir.

Bu cihazlardan daha əvvəl ABŞ həbsxanalarında məhbusların nəzarətdə saxlanılması zamanı istifadə edildiyi bildirilir.

Plan insan haqları müdafiəçilərinin narahatlığına səbəb olub. Tənqidçilər xüsusilə ICE əməkdaşlarının son dövrlərdə miqrantlara qarşı güc tətbiqi ilə bağlı onsuz da ciddi tənqidlərə məruz qaldığını vurğulayırlar.

Amerika Vətəndaş Azadlıqları Birliyinin nümayəndəsi Cenn Rolnik Borçetta elektroşok cihazlarının mülki xarakterli immiqrasiya əməliyyatlarında hansı səbəbdən istifadəyə verildiyini sorğulayıb.

Onun sözlərinə görə, ICE əməkdaşlarının güc tətbiqi ilə bağlı narahatlıqlar fonunda belə cihazların istifadəyə verilməsi vəziyyəti daha da ağırlaşdıra bilər.

Elektroşok əlcəklərinin istehsalçısı isə cihazın yalnız şifahi itaətsizlik və ya aqressiv davranışa görə cəza vasitəsi kimi istifadə edilməməli olduğunu bildirir.

Şirkət həmçinin uşaqlar, hamilə qadınlar, yaşlılar və əlillər kimi yüksək risk qruplarına qarşı cihazın istifadəsinə xüsusi məhdudiyyətlər qoyur.