Könüllü sosial aktivliklərdə hər zaman yer almağa davam edən “Modern Hospital” bu dəfə 8 Noyabr – Zəfər Gününün 5-illiyi münasibətilə “Qan Ver, Həyat Xilas et!” devizi ilə qanvermə aksiyası keçirdi.
“Qafqazinfo” xəbər verir ki, aksiya zamanı yüzdən çox könüllü vətəndaş, o cümlədən “Modern Hospital” əməkdaşları, donor olmaq üçün qan verib.
Bildirilib ki, qanvermə aksiyasının məqsədlərindən biri qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım olmaqla bərabər, həm də cəmiyyətin diqqətini bu sosial məsələyə cəlb etmək olub. Qanvermə aksiyasında donorların sağlamlığı Respublika Qan Bankının xüsusi tibb briqadasının heyəti tərəfindən yoxlanıldıqdan sonra donorlardan qan götürülüb.
Nizami rayon İcra Hakimiyyəti və Nizami rayon Qızıl Aypara cəmiyyətinin də dəstəyi ilə keçirilən qanvermə aksiyasında qeyd olunan qurumların səlahiyyətli şəxsləri də iştirak edib.
Klinikanın rəhbəri tibb üzrə fəlsəfə doktoru Taryel Ömərov bildirib ki, bu il artıq İkinci Qarabağ müharibəsi Zəfərinin 5 illik yubileyidir:
“İlk öncə, bizə bu zəfəri yaşadan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvəllərin Ali Baş Komandanı Cənab İlham Əliyev başda olmaqla, bütün qazilərimizə, xalqımıza minnətdarlıq edir və şəhidlərimizin ruhu qarşısında baş əyirik. Aksiyamıza gəldikdə, bu gözəl tədbiri təşkil etməkdə məqsəd qan donoru olaraq 100-lərlə insana fayda vermək və Zəfərimizi qanı ilə, canı ilə yazan şəhid və qazilərimizə bir ömür mənəvi borclu olduğumuzu xatırlatmaqdır. Müxtəlif şaxəli tibbi xidmətdə hər il minlərlə insanın sağlamlığına qovuşmasına tövhə verən hospitalımız, eyni zamanda sosial aktivliklərdə, xeyriyyə aksiyalarda yaxından iştirak etməklə fiziki və mənəvi birlik olduğumuzu hərkəsə çatdırmaq istəyirik. Əlavə etməliyəm ki, bu sosial aksiyalarda iştirakımız və tövhəmiz bundan sonra da davam edəcək. Bir daha xalqızımızı kollektivimiz adından təbrik edir, şanlı Zəfərimiz mübarək olsun!”







Son xəbərlər
Son Xəbərlər