Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq

moped-idare-etmek-ucun-suruculuk-vesiqesi-teleb-olunacaq
Oxunma sayı: 337

Motosiklet və mopedin uzunu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağan ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Eyni zamanda, layihədə Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb olunmasının nəzərdə tutulması yer alıb.

İclasda bildirilib ki, qanun layihəsinin əsas məqsədi moped nəqliyyat vasitələrinin istismarına dair tənzimləmələrin təkmilləşdirilməsi, sürücülərin bilik və bacarıqlarının artırılması və ümumilikdə yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsidir. Belə ki, sənəddə təklif edilən mühüm dəyişikliklərdən biri moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınmasının tələb olunmasıdır. Bu dəyişiklik sürücülərin müəyyən bilik və bacarıqlara malik olmalarını təmin edəcək və nəticə etibarilə yol hərəkəti təhlükəsizliyini artıracaq.

Digər edilən təkliflərə görə, moped nəqliyyat vasitəsi anlayışının daha dəqiq müəyyən edilməsi, mopedlərin dövlət qeydiyyatına alınaraq uçota götürülməsi nəzərdə tutulur. Həmçinin qanun layihəsində mopedlər üçün əvvəllər mövcud olan yalnız yolun sağ kənar zolağı ilə hərəkət etmək tələbinin aradan qaldırılması nəzərdə tutulur.

Hər iki qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Nuranə Daxilqızı