ABŞ ordusunun Corciya ştatındakı hərbi hissələrindən biri hərbçilərə xidmət müddətini uzatmaları müqabilində “Grand Theft Auto VI” (GTA VI) oyununun çıxışı ilə əlaqədar 4 günlük xüsusi məzuniyyət təklif edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Məlumata görə, 2026-cı il avqustun 1-dən noyabrın 14-dək müqavilə müddətini 2 ildən 6 ilədək uzadan hərbçilər bu güzəştdən yararlana biləcəklər. Polkovnik Encel Tomko hazırda proqram şərtlərinə təxminən 130 nəfərin uyğun gəldiyini diqqətə çatdırıb. Ordunun nümayəndəsi artıq “Fort-Stüart” bazasının 20 hərbi qulluqçusunun xidmət müddətini uzatmağa razılaşdığını bildirib.
Güzəşt hələlik yalnız bir batalyonda tətbiq olunsa da, gələcəkdə digər hərbi hissələrə də şamil edilə bilər. ABŞ hərbçiləri gənc kadrları cəlb etmək üçün artıq neçə ildir ki, kompüter oyunlarına olan maraqdan aktiv istifadə edirlər.
Qeyd edək ki, “GTA VI” oyununun 2026-cı il noyabrın 19-da “PlayStation 5” və “Xbox Series X/S” platformalarında satışa çıxarılacağı gözlənilir.
Son xəbərlər
Son Xəbərlər