Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov rayonun Qaraqaşlı kəndinin sakinləri ilə səyyar görüş keçirib. ⠀ ⠀⠀⠀
“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda Neftçala RİH-nin məsul şəxsləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.
İcra başçısı çıxış edərək bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası regionda sabitliyin təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu, yalnız Azərbaycanın öz daxili təhlükəsizliyini və inkişafını təmin etmək üçün vacib deyil, həm də regional əməkdaşlıq, iqtisadi inkişaf və sülhün qorunması üçün əsas şərtdir. Azərbaycanın ərazi bütövlüyü məsələsi, xüsusən Qarabağ münaqişəsi kontekstində, ölkənin xarici siyasətində mühüm rol oynayır və regiondakı digər ölkələrə də təsirsiz keçmir.
M. Seyidov əlavə edib ki, zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını özünə qaytarmaq vəzifəsidir.
O, rayonda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun yenidən təmir olunması, sənədsiz evlərin sənədləşməsinə və şəxsi evinə qaz çəkilməsinə köməklik, kənddaxili yolun təmiri, “Milliön” ödəmə aparatının quraşdırılması və digər məsələlərlə əlaqədar müraciətlərini səsləndiriblər. Onların səsləndirdikləri müraciətlər ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə olunub və həllinin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Qeyd edək ki, vətəndaşlar Neftçala RİH ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.